...

Azərbaycanda bu il 1500-ə yaxın insana elmi dərəcə və adın verilməsindən imtina edilib

Cəmiyyət Materials 18 May 2012 11:05 (UTC +04:00)
Azərbaycanda plagiatlıq faktlarına ictimai və humanitar elmlər üzrə müdafiə olunan dissertasiyalarda daha çox rast gəlinir.
Azərbaycanda bu il 1500-ə yaxın insana elmi dərəcə və adın verilməsindən imtina edilib

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir İ.İsabalayeva/

Bu ilin mayına qədər Azərbaycanda 635 nəfərə elmi dərəcənin, 860 nəfərə isə elmi adın verilməsindən imtina edilib. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) sədri Arif Mehdiyev "Azərbaycan" qəzetinə müsahibəsində deyib.

Mehdiyev deyib ki, 2012-ci ilin may ayına qədər olan dövr ərzində komissiya tərəfindən 1265 iddiaçıya elmlər doktoru elmi dərəcəsi, 7286 iddiaçıya fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi, 1064 iddiaçıya professor, 3984 iddiaçıya isə dosent elmi adı verilib. AAK-ın uyğun əsasnamələrinin tələbləri pozulduğuna görə həmin dövr ərzində komissiya tərəfindən 73 doktorluq, 562 fəlsəfə doktoru (namizədlik) dissertasiyası üzrə attestasiya işindən, 151 professor və 709 dosent elmi adları almaq üçün təqdim edilmiş attestasiya işindən imtina olunub.

Mehdiyev bildirib ki, Azərbaycanda plagiatlıq faktlarına ictimai və humanitar elmlər üzrə müdafiə olunan dissertasiyalarda daha çox rast gəlinir.

Onun sözlərinə görə, dəqiq elmlər, təbiət, texnika, kənd təsərrüfatı və yer elmləri sahəsində dissertasiya müdafiə edənlərin sayı digər elm sahələrindəki uyğun saydan azdır.

Mehdiyev bəzən mətbuat orqanlarında əsassız olaraq, respublikada elmi dərəcə və elmi ad alanların sayının son dərəcə artması və "elmin ucuzlaşması"nin qeyd olunduğunu söyləyib. Onun sözlərinə görə, statistik təhlillər bu fikirləri tam təkzib edir.

"Məsələn, 2005-2009-cu illəri əhatə edən dövr üzrə əhalinin hər milyon nəfərinə düşən elmlər doktoru elmi dərəcəsi alan iddiaçıların illik orta sayı Azərbaycanda 10,5, fəlsəfə doktoru elmi dərəcəsi almış iddiaçıların illik orta sayı 56,5 olub. Amma Rusiyada müvafiq dövr üçün uyğun rəqəmlər 24,7 (elmlər doktoru), 194,2 (elmlər namizədi) olub", - komissiya sədri əlavə edib.

Mehdiyev bildirib ki, narahatçılıq doğuran faktlardan biri də dissertasiya müdafiələrinin elmi müzakirə xarakteri daşımamasıdır. O qeyd edib ki, bu zaman yüksək tələbkarlıq, prinsipiallıq göstərilmir və ya elmi etikaya riayət edilmir.

"Elə hallar da olur ki, dissertasiyada olan bütün nəticələrin, elmi və praktiki xarakterli təkliflərin dürüstlüyü və əsaslandırılması hərtərəfli müzakirə edilmir. Dissertasiya müdafiələrinin gedişini əks etdirən stenoqramların və videoçəkilişlərin təhlili göstərir ki, müdafiə zamanı iddiaçının verilən suala cavabı konkret olmur və bəzən cavab əvəzinə müzakirə və ya çıxış xarakterli danışıqlara yol verilir. Bu prosesin müdafiə adlandırılmasının səbəbi odur ki, burada iddiaçının opponentlərdən və dissertasiya şurasının üzvlərindən "müdafiə" olunması nəzərdə tutulur. Yəni opponentlər "hücum" edirlər, iddiaçı isə "müdaifə" olunur", - Mehdiyev əlavə edib.

O, təəssüflə qeyd edib ki, çox vaxt, bəlkə də əksər hallarda, nə "hücum", nə də "müdafiə" müşahidə olunur. Nəticədə 100 faiz səs toplanır. Nadir hallarda isə bir-iki səs əleyhinə verilir.

"O da sonradan məlum olur ki, əleyhinə səs verənlər ya iddiaçı, ya da onun elmi rəhbəri (məsləhətçisi) ilə ədavət aparır. Bir sözlə, obyektivlikdən xeyli uzaq səsvermə baş verir. Məhz belə halların qarşısını almaq məqsədilə Komissiya dissertasiya müdafiəsinin gedişinin videoçəkilişi yazılmış kompakt diskləri digər zəruri sənədlərlə birgə tələb edir", - komissiya sədri deyib.

Xəbər lenti

Xəbər lenti