Azərbaycan, Bakı, 23 may /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda bundan sonra dövlət reyestrindən çıxarışlar sənədlərin surəti şəklində də veriləcək.
Nazirlər Kabinetindən çərşənbə günü Trend-ə verilən məlumata görə, bu, Baş nazir Artur Rasizadənin bir sıra dəyişiklikləri təsdiqlədiyi "Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları"nda qeyd edilib.
"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanuna əsasən, dövlət qeydiyyatına alınmış və (və ya) dövlət reyestrinə daxil edilmiş hər bir quruma qeydiyyat orqanı tərəfindən onun dövlət qeydiyyatına alındığı və ya dövlət reyestrinə daxil edildiyi vaxt dövlət reyestrindən çıxarış verilməlidir. Bu çıxarış müəyyən edilmiş formada, qeydiyyat orqanının səlahiyyətli vəzifəli şəxsinin imzası ilə verilir və gerbli möhürlə təsdiqlənir. Hər bir şəxs dövlət reyestrindəki yazılarla tanış olmaq, dövlət reyestrindən çıxarışı və qeydiyyat üçün təqdim olunmuş sənədlərin surətlərini tələb etmək hüququna malikdir.
İndiyədək qeyri-kommersiya hüquqi şəxslərin, xarici qeyri-kommersiya hüquqi şəxslərin filial və nümayəndəliklərinin, habelə təhsil müəssisələrinin dövlət reyestri öz səlahiyyətləri daxilində müvafiq olaraq Azərbaycan Ədliyyə Nazirliyi, onun rayon (şəhər) qeydiyyat şöbələri və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılırdı.
Yeni dəyişiklərdə isə qeyd edilib ki, qeyri-kommersiya hüquqi şəxslərinin, xarici qeyri-kommersiya hüquqi şəxslərin filial və nümayəndəliklərinin, habelə təhsil müəssisələrinin dövlət reyestri Ədliyyə Nazirliyinin müəyyən etdiyi bölgü üzrə Ədliyyə Nazirliyi, onun rayon (şəhər) qeydiyyat şöbələri aparacaq. Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən siyasi partiyalar, xarici ölkələrin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri istisna olmaqla, digər qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestri Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həyata keçiriləcək.