...

Azərbaycanda tələbələrin biliyi yeni formada qiymətləndiriləcək

Cəmiyyət Materials 19 İyun 2012 11:29 (UTC +04:00)
Azərbaycanda ali məktəb tələbələrinin biliyinin qiymətləndirilməsi yeni formada olacaq. Təhsil Nazirliyindəki mənbələrdən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, tələbələrin biliyinin qiymətləndirilməsi ilə bağlı ali məktəblərə müstəqilliyin verilməsi nəzərdə tutulur.
Azərbaycanda tələbələrin biliyi yeni formada qiymətləndiriləcək

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda ali məktəb tələbələrinin biliyinin qiymətləndirilməsi yeni formada olacaq. Təhsil Nazirliyindəki mənbələrdən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, tələbələrin biliyinin qiymətləndirilməsi ilə bağlı ali məktəblərə müstəqilliyin verilməsi nəzərdə tutulur.

Bunun üçün TN tərəfindən "ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsil alanların attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılma qayadaları" adlı yeni sənəd layihəsi hazırlanıb.

Hazırda tələbənin imtahana qədər 50 bal toplaması tələb olunur və bu balın nəyə görə toplanılması konkret olaraq TN-in 2008-ci ildə təsdiqlədiyi "Kredit sistemi ilə təhsil alan tələbələrin biliyiinin qiymətləndirilməsi haqqında əsasnamə" əsasında müəyyənləşdirilib. Həmin əsasnaməyə əsasən, tələbə 50 balın 10-nu dərsə davamiyyətə, 10-nu sərbəst işə, 30-nu isə seminardan toplamalıdır. Seminardan toplanılan ballar semestr ərzində danışılan dərslərə, fənn üzrə kurs və ya laboratoriya işinə görə müəyyənləşdirilir.

Ancaq yeni hazırlanan qiymətləndirmə sənədində qeyd edilir ki, tələbənin imtahana qədər toplamalı olduğu 50 balın 10-u dərsə davamiyyətə görə olmalıdır. Qalan 40 balın nəyə əsasən hesablanacağını isə təhsil müəssisəsi özü müəyyən edəcək. Təhsil müəssisəsi istəsə, qalan 40 balı tələbənin dərsdə fəal iştirakına, kurs, laboratoriya, sərbəst işlərinin qiymətləndirilməsinə və ya tələbənin semestr ərzində danışdığı dərslərin qiymətləndirilməsi üçün hesablaya bilər.

Ali məktəblərə tələbələrin biliyinin üzə çıxarılması yollarının müəyyənləşdirilməsində müstəqilliyin verilməsinin əsas məqsədi rəqabətlilik qabiliyyətini artırmaqdır. Artıq universitetlər özləri fikirləşməlidirlər ki, necə etsələr, tələbələri daha savadlı olar, digər tələbələrdən seçilər.

Yeni sənəddə tələbələrin biliyinin qiymətləndirməsi 3 hissəyə ayrılıb. Bunlar cari, aralıq və yekun qiymətləndirmədir. Cari qiymətləndirmə tələbənin dərsdə davamiyyəti və tədris fəaliyyətinə görə həyata keçiriləcək. Aralıq qiymətləndirmə imtahan sessiyası zamanı, yekun qiymətləndirmə dövlət imtahanı və ya buraxılış işi formasında olacaq. Magistratura səviyyəsində isə yekun qiymətləndirmə magistrlik dissertasiyasının müdafiəsi formasında həyata keçiriləcək.

Tələbə əvvəlki qaydada imtahana qədər tələb olunan balı toplamadıqda həmin fəndən akademik borcu qalmış hesab ediləcək. Bu halda tələbə növbəti semestrlərdə istədiyi zaman yenidən həmin fənni götürərək tələb olunan kreditləri qazana biləcək.

Yeni sənədə həm də tələbələrin biliyinin yenidən qiymətləndirilməsi məsələsi daxil edilib. Tələbə yalnız kəsiri olduqda deyil, həm də aldığı qiymətlə razılaşmayaraq onu yüksəltmək istəyirsə, həmin fənni yenidən götürüb qiymətini artırmaq imkanı qazana bilər.

Tələbələrin qiymətləndirilməsində 100 ballıq sistem də saxlanılıb. Tələbə 51 baladək topladıqda "F" (qeyri-kafi), 51-dən 60 baladək topladıqda "E" (qənaətbəxş), 61-70 bal topladıqda "D" (kafi), 71-80 bal topladıqda "C" (yaxşı), 81-90 bal topladıqda "B" (çox yaxşı), 91-100 topladıqda "A" (əla) alacaq.

Xəbər lenti

Xəbər lenti