...

Rəqabətdə jurnalist peşəkarlığı və Azərbaycan həyatını dərindən bilməyi "Azernews"un qalib gəlməsinə səbəb oldu

Cəmiyyət Materials 27 İyun 2012 09:00 (UTC +04:00)
Azərbaycan mətbuatı tarixində ilk ingilisdilli qəzet olan "Azernews"un 15 illik yubileyi münasibətilə qəzetin qurucusu, Redaksiya kollegiyasının sədri, əməkdar jurnalist, yazıçı, ərəb filologiyası üzrə fəlsəfə doktoru Fazil Abbasovun Trend-ə müsahibəsi
Rəqabətdə jurnalist peşəkarlığı və Azərbaycan həyatını dərindən bilməyi "Azernews"un qalib gəlməsinə səbəb oldu

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir E.Mehdiyev//

Azərbaycan mətbuatı tarixində ilk ingilisdilli qəzet olan "Azernews"un 15 illik yubileyi münasibətilə qəzetin qurucusu, Redaksiya kollegiyasının sədri, əməkdar jurnalist, yazıçı, ərəb filologiyası üzrə fəlsəfə doktoru Fazil Abbasovun Trend-ə müsahibəsi.

- "Azernews" qəzeti necə və hansı zərurətdən yarandı?

- Sovet imperiyası dağılandan, ölkəmiz öz dövlətçiliyini bərpa edəndən sonra Azərbaycan gerçəkliklərini - xalqımızın tarixi, mədəniyyəti, ədəbiyyatı, musiqisi və s. haqqında məlumatları dünya ictimaiyyətinə çatdırmaq, erməni yalanlarını puç etmək üçün geniş imkan yarandı. Artıq sovet-rus senzurası yox idi. Digər tərəfdən, Azərbaycan Respublikası Qafqaz regionunun əsas oyunçusu kimi həm geosiyası, həm də neft və qazına görə, arı şirəyə gələn kimi, dünya dövlətlərini özünə çəkirdi. Buna görə də ingiliscə ciddi bir qəzetə böyük ehtiyac var idi. Ölkəmizə gələn əcnəbilər danışılanları anlaya, yazılanları oxuya bilmirdilər, ölkədə baş verən hadisələr haqqında birbasa məlumat almaq imkanları yox idi. Doğrudur, hələ 1991-ci ilin əvvəllərindən bizim yaratdığımız "Assa-İradə" xəbər agentliyinin bülletenləri öz dilimizdən başqa rus və ingilis dillərində nəşr edilib dünyanın aparıcı informasiya agentlikləri, qəzet və TV-lərinə ötürülürdü. Amma qəzet başqa şeydir, onun cəmiyyətdə öz yeri və rolu var. Və mən bu qəzeti yaratmaq qərarına gəldim. Yer, texnika, tərcümə və xəbərlər baxımından "AssA-İradə" onun bazası oldu. Bu, ilk zamanlar mənə çox kömək etdi.

- Yəni ilk vaxtlar agentliyin xəbərləri ilə onun nəşri kimi çıxırdınız?

- Xeyr, qəzet yaranandan müstəqil, öz hesabı, öz yolu olan mətbuat orqanı kimi işiq üzü gördü. Qəzet tək informasiyalarla çıxa bilməzdi, onda qəzet agentliyin bülletenlərindən fərqlənməzdi. Məlum məsələdir, qəzet üçün materiallar müxtəlif janrlarda yazılmalıdır. Biz ABŞ və İngiltərənin aparıcı qəzetlərindən faydalanıb milli qəzet çıxarmağa başladıq.

- Azərbaycanda çıxan ingilisdilli qəzet kimi çətinlikləriniz olurdumu?

- Əlbəttə olurdu, bəlkə də çoxları bu çətinlikləri heç təsəvvür belə etmir. Ən böyük çətinlik dil məsələsi, tərcümə problemi idi. Mən hələ əcnəbi oxucular üçün, dünya standartlarına cavab verən səviyyədə yazan jurnalistlərin çatışmamasını bir kənara qoyuram. Yazıları Avropa jurnalistikasına uyğun özüm redaktə edirdim, sonra köməkçilərim yetişdilər. Çətin məsələ müxtəlif janrlarda yazılan materialların tərcüməsi idi. Sarkazmla yazılan pamfletlər, bədii yazılar, satira və yumor, neft və qaz hasilatı ilə bağlı mühəndis biliyi tələb edən məqalələr orta səviyyədə tərcümə edilməlidir ki, əcnəbi redaktor anlasın. İlk mərhələdə BBC-nin Bakıdakı bürosunun başçısı Enn Tompson bizə kömək etdi. Bir neçə ay qəzet çıxan günü gəlib manşet yazılarını, müxtəlif janrlarda yazılmış məqalələri redaktə edirdi. Bizim tərcüməçi ondan öyrənirdi. Amma bu sevincimiz çox çəkmədi. Professional jurnalist xanımı bizdən aldığı maaş qane etmirdi, həm də vaxt baxımından çatdıra bilmirdi. Sonralar redaktə üçün işə götürdüyümüz Bakıdakı xarici diplomatların xanımları, British Council-in əməkdaşları bizi qane etmirdi. Çünki onlar ingilis dilinin daşıyıcıları olsalar da, jurnalist, yaradıcı adamlar deyildilər. Əcnəbilərlə işləyə-işləyə tərcüməçilərimiz redaktə işini də öyrəndilər. Amma onlar da daha yuxarı maaşlı, perspektivli işə gedirdilər. Yenisini yetişdirmək məcburiyyətində qalırdıq.

- "Azernews"dan sonra başqa ingilisdilli qəzetlər yarandı. Onlar "Azernews"a rəqib ola bildilərmi?

- Bizdən bir il sonra BBTV adlı əcnəbi şirkət Bakıda kabel televiziyası və "Baku Sun" adlı qəzet buraxmağa başladı, "Azernews"a ciddi rəqabət yarandı. Bu azmış kimi, Marhefko adlı bir Çexiya vətəndaşı amerikalı rəfiqəsi ilə Bakıda ingiliscə qəzet açdılar. O, ünvanı səhv salıb birgə işləmək üçün əvvəlcə mənim yanıma gəlmişdi. Onlara dedim ki, ingiliscə oxucuların sayı az olan Azərbaycanda qəzet biznesi gəlirli sahə deyil, çox xərc tələb edir, xüsusilə də əcnəbilər üçün. Bizə baxmayın, biz öz evimizdəyik. Soruşdum ki, bəz, siz nə səbəbə belə ağır və gəlirsiz işə girişirsiniz? Bildirdi ki, rəfiqəsinin pulu var, bu sahədə güclərini sınamaq istəyirlər. O zamanlar bir çox əcnəbilər, hansısa gizli, şübhəli təşkilatlar öz adamlarını Bakıda yerləşdirməyə can atırdılar. Etika xatirinə təklif etdim ki, "Azernews"un "Biznes" adı ilə əlavəsini buraxmaq olar. Əlavənin bütün xərclərini özünüz çəkirsiniz, məsul redaktoru özünüz olursunuz. Dərhal razılaşdı. "Amma qəzetin siyasi istiqamətinə mən cavabdehəm" şərtim onları qane etmədi. Beləcə, razılaşmadıq.

Sonralar şübhələrim təsdiqləndi: burada qəzet açan əcnəbilər siyasi məqsədlər güdürdülər. Maliyyə cəhətdən bizdən guclü olan digər iki qəzetdə bir azdan Azərbaycan əleyhinə materiallar verilməyə başlandı. Bilirsiniz, o dövrdə şimal və cənub qonşularımız, Qərb dairələri Azərbaycanın informasiya məkanını ələ almaq istəyirdilər. İranın, Rusiyanın maliyyələşdirdiyi qəzetlər çıxırdı. O zaman mən istər mətbuatda, istərsə də toplantılardakı çıxışlarımda göstərirdim ki, biz neft yataqlarını, bir sıra zavod və fabrikləri işlətmək üçün yüksək texnologiyalara malik xarici şirkətləri dəvət edə bilərik. Amma informasiya məkanımıza əcnəbilərin girməsinə yol verməməliyik. Bu rəqabətdə jurnalist professionallığı və Azərbaycan həyatını dərindən bilməyimiz bizim qalib gəlməyimizə səbəb oldu: "Baku Sun"ı bağlayıb getdilər, Marhefko isə kosmopolitlərə sığınaraq açdığı qəzeti saxlaya bilmədi, satıb getdi. Sonralar da istər daxildən, istərsə də xaricdən bizə birgə əməkdaşlıq haqqında təkliflər olurdu. Maliyyə çətinliyimizə baxmayaraq, heç birisinə getmədik. Çünki "Azernews" Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün, ölkəmizin Avropaya inteqrasiyasına kömək məqsədilə yaradılmışdı. Bu təkliflərinsə arxasında başqa şeylər dururdu. Bizi isə reklamlar saxlayırdı.

- Bəs qəzetin satışı?

- Bakıda olan əksər əcnəbi vətəndaşlar, ingiliscə bilib öyrənənlər "Azernews"u oxusalar da, aparıcı yayım şirkətləri ilə müqaviləmiz olsa da, müstəqil qəzetlər reklamsız yaşaya bilməzlər. Çünki satışdan gələn pulun qırx faizə qədəri yayım şirkətlərinə gedir. Əl satışında bu faiz lap çoxdur. Ona görə də bir sıra qəzetlərin "biz qəzetin satışı ilə yaşayırıq" sözlərini ciddi qəbul etmək olmaz.

- Ənənəvi mətbuat sayılan qəzet orqanı müasir yeniliklərlə ayaqlaşa bilirmi?

- "Azernews" qəzetinin hazırda yeni veb-səhifəsi hazırlanır. Bu sayt dizayn və funksionallıq baxımından müasir və dünya səviyyəli nüfuzlu qəzetlərin standartlarına uyğun olacaq. Üstəlik, sayt sosial şəbəkələrlə də fəal şəkildə bağlı olacaq və bu da oxuculara "Azernews"un materiallarına daha geniş çıxış imkanı yaradacaq.

Bundan başqa, "Azərnews"un Ipad kompüterləri üçün proqramı hazırlanır. Bu o deməkdir ki, istifadəçilər pulsuz olaraq bu proqramı öz Ipad kompüterlərinə yükləyə bilərlər. Hər kəs öz Ipad-ında "Azərnews"u oxuya biləcək. Yeni veb-səhifəmiz kimi, Ipad versiyası da ən müasir elektron qəzet standartlarına uyğun formada hazırlanır.

- Müasir media texnologiyalarından söz düşmüşkən, ara-sıra belə bir fikir səslənir ki, elektron qəzetlər, xəbər saytları kağız qəzetləri sıradan çıxaracaq. Siz necə düşünürsünüz?

- Məncə, bunların hərəsinin öz yeri var. İndi saytlar, bloqerlər və s. elektron xəbərləşmə vasitələri həddən artıq çoxdur. Bunların bir qisminin qeyri-ciddiliyi, qeyri-peşəkar, bəzən savadsız yazılar verməsi oxucuda inamsızlıq yaradır. Səhər verilmiş yazıdakı fikir günorta dəyişdirilib tərsinə yazıla bilir. Avropada yaranmış, XIX əsrin ortalarında İslam ölkələrində başlamış qəzet işində isə belə deyil. Qəzet nəşr olundu, mətbəədən götürüldü, sanki hansısa bir sənədə möhür vurulub qol çəkildi, ictimaiyyət arasında yayıldı. Geriyə yol yoxdur. Düşünürəm ki, nə qədər kağız, qələm, kitab var, qəzet də olacaq.

Xəbər lenti

Xəbər lenti