Azərbaycan, Bakı, 16 iyul / Trend müxbir K.Zərbalıyeva/
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin Təşkilati və informasiya təminatı şöbəsinin rəisi Rövşən Əliyev iyulun 5-14-də Avstriya Respublikasının Laksenburq şəhərində yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasında (İACA) "Təcrübə elmə cavab verir" mövzusunda keçirilmiş Yay Akademiyasında iştirak edib.
Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dünyanın 53 dövlətindən 73 nümayəndənin iştirak etdiyi tədbirdə Beynəlxalq Antikorrupsiya Akademiyasının keçid qrupunun rəhbəri Martin Kreutner, Almaniyanın Antikorrupsiya Layihələri qurumunun rəhbəri Sven Bierman, Böyük Britaniyanın Tisayd Biznes Məktəbinin professoru Alan Doiq, ABŞ-ın Kolgeyt Universitetinin professoru Maykl Conston və digər tanınmış professor və ekspertlər korrupsiyanın qarşısının alınması, yaranma səbəbləri, ona qarşı innovativ mübarizə üsulları, bu sahədə beynəlxalq təcrübə, qabaqlayıcı tədbirlər və bir sıra digər mövzularda məruzələr söyləyib, korrupsiyaya qarşı mübarizə və preventiv tədbirlər sahəsində yeni metodların istifadəsi ilə bağlı məlumatlar veriblər.
Kurslarda tədbir iştirakçıları praktiki tapşırıqların həll olunmasında aktiv iştirak edib, konkret mövzular üzrə təqdimatlar keçirilib, habelə interaktiv şəkildə keçirilən təlim zamanı tədbir iştirakçılarını maraqlandıran suallar ekspertlər tərəfindən ətraflı cavablandırılıb.
Yekunda iştirakçılara Yay Akademiyasını müvəffəqiyyətlə bitirmələrinə dair sertifikatlar təqdim olunub.