...

Azərbaycanda tələbələrin elmlə məşğul olması imkanları artırılacaq

Cəmiyyət Materials 19 İyul 2012 15:01 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi bu ilin sentyabrınadək ölkədəki tələbələrin elmi tədqiqatla məşğul olmasına imkan verən yeni normativ hüquqi sənədlər hazırlayacaq.
Azərbaycanda tələbələrin elmlə məşğul olması imkanları artırılacaq

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi bu ilin sentyabrınadək ölkədəki tələbələrin elmi tədqiqatla məşğul olmasına imkan verən yeni normativ hüquqi sənədlər hazırlayacaq. Nazirliyin Elm şöbəsinin müdiri Gültəkin Hüseynova cümə axşamı Trend-ə deyib ki, hazırda bu sənədlər üzərində iş aparılır.

Həmin sənədlərdə tələbənin elmi tədqiqatla hansı formada məşğul olması, Tələbə Elmi cəmiyyətlərinin fəaliyyətinin, onların strukturunun təşkili kimi məsələlər öz əksini tapacaq.

Nazirlik rəsmisinin sözlərinə görə, yeni sənədlər vasitəsilə tələbələrin elmi tədqiqat işlərinə daha çox cəlb olunmasına imkan yaradılacaq. Bu məqsədlə tələbələr üçün stimullaşdırıcı tədbirlərin də həyata keçirilməsi nəzərdə tutulur.

"Tələbələr üçün layihələrin müsabiqəsi keçiriləcək. Onların ən yaxşı layihələri mükafatlandırılacaq. Bu mükafatlandırma Təhsil Nazirliyi, ali məktəblər, sponsorlar tərəfindən də aparıla bilər", - şöbə müdiri əlavə edib.

O bildirib ki, tələbələrin elmi-tədqiqat işində əsas üstünlük tədqiqat layihələrinə verilməlidir. Tələbə tədqiqat aparıb onun nəticəsini layihə formasında təqdim etməlidir.

Hüseynova deyib ki, hazırda nazirlik tərəfindən tələbələr üçün iki ildən bir tələbə elmi konfransları keçirilir. Bununla yanaşı, hər il bütün təhsil müəssisələri də bir neçə tələbə elmi konfransı keçirir. Bununla da tələbələr öz elmi tədqiqatlarını məruzə etmək, işlərinin alimlər tərəfindən qiymətləndirilməsi imkanı əldə edirlər.

Xəbər lenti

Xəbər lenti