...

Azərbaycanın səhiyyə sahəsində yenilik

Cəmiyyət Materials 20 İyul 2012 15:41 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən "Vətəndaşların Elektron Sağlamlıq Kartı"nın (VESK) təcili tibbi yardım maşınlarında oxunması üçün quraşdıracağı mobil qurğular hesabına həkimlər xəstənin keçdiyi tibbi müayinələr, müalicələr barədə məlumatları elə həmin maşınlarda olarkən öyrənə biləcəklər.
Azərbaycanın səhiyyə sahəsində yenilik

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən "Vətəndaşların Elektron Sağlamlıq Kartı"nın (VESK) təcili tibbi yardım maşınlarında oxunması üçün quraşdıracağı mobil qurğular hesabına həkimlər xəstənin keçdiyi tibbi müayinələr, müalicələr barədə məlumatları elə həmin maşınlarda olarkən öyrənə biləcəklər.

Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsəd-zadə Trend-ə deyib ki, hazırda həmin mobil qurğuların alınması üçün iş aparılır. Bu ilin sonunadək bu layihənin icrasına başlamaq nəzərdə tutulur. Mobil qurğuların ilk olaraq Bakı şəhərindəki 50-yə yaxın təcili tibbi yardım maşınında sınaqdan keçirilməsi planlaşdırılır.

Əsəd-zadə bildirib ki, yeni avadanlıqlar vasitəsilə təcili tibbi yardım maşınındakı həkim həm nazirliyin mərkəzi bazası ilə əlaqə saxlaya, həm də kartlardakı məlumatları ekrana çıxara bilər.

"Xəstənin elektron sağlamlıq kartı varsa, həkim onun məlumatını kartdan da, birbaşa mərkəzi bazaya qoşularaq ordan da götürə bilər. Əgər vətəndaşın kartı yoxdursa, onun ad-soyadını bilməklə onun barəsindəki məlumatları bazadan götürmək olar", - nazirlik rəsmisi qeyd edib.

Onun sözlərinə görə, qurğular gətirildikdən sonra onlar üçün proqram təminatı hazırlanacaq və təcili tibbi yardım maşınlarına veriləcək. Bu avadanlıqlardan istifadə etməyi öyrətmək məqsədilə həkimlər üçün təlimlər keçiriləcək.

Əsəd-zadə deyib ki, bu layihə Bakıda öz təsdiqini tapsa, onu qısa bir zamanda bütün respublika üzrə həyata keçirmək olar.

Onun sözlərinə görə, elektron sağlamlıq kartlarında vətəndaşlar barədə tibbi məlumatlar saxlanılır. Bu kartlar poliklinikada kağız üzərində qeyd edilən məlumatların həm də elektron bazada saxlanılmasını təmin edir. Vətəndaşın tibbi məlumatlarını kartın üzərindəki kodla tez bir zamanda əldə etmək olur. Kartdakı məlumatları onun kodunu qeyd etməklə internetdən də öyrənmək olar.

Cəbrayıl-zadə bildirib ki, iyulun əvvəlinədək ölkədə 542 366 nəfərə elektron sağlamlıq kartı verilib.

Xəbər lenti

Xəbər lenti