Azərbaycan, Bakı, 25 iyul / Trend müxbir K.Zərbalıyeva/
Azərbaycan Ali Məhkəməsinin sədri inzibati-iqtisadi məhkəmələrin fəaliyyətinə qiymət verib.
Trend-in Ali Məhkəmənin rəsmi saytına istinadən verdiyi məlumata görə, məhkəmə sədri Ramiz Rzayev məqaləsində ötən il ərzində həmin məhkəmələrdə baxılan işlər barədə danışıb.
Rzayev bildirib ki, 2011-ci ildə inzibati-iqtisadi məhkəmələrə fiziki və ya hüquqi şəxslər tərəfindən dövlət inzibati orqanlarına qarşı inzibati mübahisələrə dair ümumilikdə 6818 iddia ərizəsi verilib. Həmin iddiaların böyük əksəriyyəti - 84,1 faiz işlər üzrə iddia tələbləri əsaslı hesab edilərək təmin olunub, bununla da, hüquqi və fiziki şəxslərin inzibati orqanlar tərəfindən pozulmuş hüquqlarının bərpasına nail olunub.
Məhkəmə sədrinin sözlərinə görə, yekun qərarlar qəbul edilmiş 2084 inzibati işlərdən yalnız 406 iş üzrə (cəmi 19,5 faiz) birinci instansiya məhkəmələrinin yekun qərarlarından yuxarı instansiya məhkəmələrinə müvafiq şikayətlər verilməklə məhkəmələrin gəldiyi nəticə mübahisələndirilib.
"Bu da öz növbəsində inzibati-iqtisadi məhkəmələrin qəbul etdikləri qərarların və onların nəticələrinin inzibati orqanlar tərəfindən əksər hallarda mübahisəsiz olaraq qəbul edildiyini təsdiq edir", - o deyib.
Rzayev bildirib ki, inzibati-iqtisadi məhkəmələrin fəaliyyət göstərdiyi dövr ərzində məhkəmələr tərəfindən müxtəlif kateqoriyalı inzibati işlərə baxılıb.
Bunlar da əsasən fiziki və hüquqi şəxslərin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə dair; inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair; inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair; inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair; habelə inzibati orqanların qanunsuz qərarları və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialarla bağlı işlər olub.
"Həm birinci, həm də apelyasiya instansiyaları məhkəmələri icra hakimiyyəti orqanlarının təsiri altına düşmədən, onlardan çəkinmədən qanunun onlara verdiyi geniş səlahiyyətlərdən yararlanaraq əksər hallarda ədalətli qərarlar qəbul edilməsinə nail olublar. Qəbul edilmiş qərarlar yuxarı instansiya məhkəmələri tərəfindən də qanuni və əsaslı hesab edilərək dəyişdirilmədən saxlanılıb. Təkcə bir il ərzində 1752 hüquqi və fiziki şəxsin inzibati orqanlar tərəfindən pozulmuş hüquqlarının bərpası təmin olunub", - məhkəmə sədri vurğulayıb.
Rzayev bildirib ki, hüquqi və fiziki şəxslər inzibati orqanların hərəkətlərindən və onların qəbul etdikləri qərarlardan narazı qaldıqları təqdirdə, bilavasitə aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət edirlər və iddia tələbləri əsaslı olduğu hallarda öz problemlərinin həllini də məhz məhkəmələrdə tapırlar.
"Hüquqi və fiziki şəxslərin yenicə fəaliyyətə başlamış inzibati-iqtisadi məhkəmələrə inamının artması sayəsində məhkəmələrə edilən müraciətlər də artır. Oxşar işlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşması üçün də yuxarı instansiya məhkəmələri tərəfindən zəruri tədbirlər görülür. Bir neçə kateqoriya iddialar üzrə, o cümlədən pensiyaların təyin olunmasından imtina, əsassız vergi məbləğlərinin və cərimələrin hesablanması və sair işlərdə artıq vahid məhkəmə təcrübəsi formalaşmaqdadır", - o deyib.
Ali Məhkəmə sədrinin sözlərinə görə, bu kateqoriya işlər üzrə məhkəmələr tərəfindən eyni qərarlar qəbul edilməsinə və həmin qərarların yuxarı instansiya məhkəmələri tərəfindən də qüvvədə saxlanılmasına baxmayaraq, bəzi inzibati orqanlar artıq formalaşmış məhkəmə təcrübəsini nəzərə almadan analoji vəziyyətdə təkrarən hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarını pozan aktlar qəbul etməkdə, qanunsuz hərəkətlərə (hərəkətsizliyə) yol verməkdə davam edirlər.