...

Zəki Qazioğlu: “Azərbaycan nə qədər güclənərsə, Şimali Kiprs Türk Cumhuriyyəti də o qədər rahat və güvənlikdə olar” (FOTO)

Cəmiyyət Materials 31 İyul 2012 14:18 (UTC +04:00)
Zəki Qazioğlu: “Azərbaycan nə qədər güclənərsə, Şimali Kiprs Türk Cumhuriyyəti də o qədər rahat və güvənlikdə olar” (FOTO)
Zəki Qazioğlu: “Azərbaycan nə qədər güclənərsə, Şimali Kiprs Türk Cumhuriyyəti də o qədər rahat və güvənlikdə olar” (FOTO)

Azərbaycan, Bakı, 31 iyul /Trend/

Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının "Qadın klubu"nun budəfəki qonağı Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Azərbaycan nümayəndəliyinin rəhbəri Zəki Qazioğlu olub. Trend Qazioğlu ilə müsahibəni təqdim edir.

- Zəki bəy, ŞKTC ilə Azərbaycan arasındakı əlaqələr hansı vəziyyətdədir?

- 20 Yanvar faciəsini dünyada ilk qınayanlardan biri ŞKTC-nin Cümhuriyyət Məclisidir. Daha sonra Xocalıdakı hadisələrə qarşı öz mövqeyimizi ortaya qoyduq. Cümhuriyyət Məclisi sovetlər dövründə Azərbaycanın başına gətirilənlərə qarşı çıxan və Azərbaycanı hər zaman dəstəkləyən ilk addımı atıb. Bundan sonra Xocalıda müharibə vəziyyətində hər zaman Azərbaycanın yanında olan, eyni acıları daha öncə biz də yaşadığımız üçün bunu ən yaxşı anlayan və daim azərbaycanlı qardaşlarımızın yanında olan bir mövqe sərgiləmişik. Həm rəsmi, həm ictimai, o cümlədən istənilən sahədə əlaqələrimiz mövcuddur və ildən-ilə də genişlənir. Azərbaycandakı fəaliyyətimin ilk illərində 2006-2007-ci ildə ölkələrimiz arasında 17 qarşılıqlı rəsmi görüşlər keçirilib. Demək olar ki, hər həftə iki dövlət arasında qarşılıqlı görüşlərimiz olur. Bu, kənardan heç də özünü büruzə vermir. Hətta bizim ölkədə belə Azərbaycanla bu qədər sıx əlaqələrimizin olmasının fərqində deyillər. Halbuki Türkiyədən sonra Şimali Kiprin ən çox təmasda olduğu ölkə Azərbaycandır. Bizim burada həyata keçirmək istədiyimiz işlərin mahiyyəti ondan ibarətdir ki, ölkələrimizin vətəndaşları bir-birləri ilə sıx əlaqəyə girsin. Biz doğru insanları doğru yerlərə istiqamətləndirib, onların biri-birlərini tapmasını, tanımasını və işbirliyi qurmasını təbliğ edirik. Çünki dövlətin bu işləri görməsi bir yerə qədərdir. Dövlətin işi çox olduğundan ayrı-ayrı sahələr üzrə işlər çox zəif gedir. Hesab edirəm ki, özəl sektor bu işləri öz üzərinə götürsə, o zaman işlər daha da sürətlənər. Bunun üçün biz üzərimizə düşən işləri görürük, amma özəl sektorun da çalışması, onların da daha çox iş görmələri və daha çox tələbkarlıqla bizdən istəmələri lazımdır ki, biz də onlara lazımi yolları göstərək.

- İki dövlət arasında hansı sahələrdə əlaqələrin inkişaf etdiyi daha çox özünü göstərir?

- Qarşılıqlı əməkdaşlıq sahəsində öz bəhrəsini verən daha çox təhsil sahəsidir. Turizm sahəsi də pis deyil. Keçən il bunun bir təcrübəsi də reallaşdı. Çarter reysləri açıldı və iki ayda burdan Kiprə 4 min turist getdi. Demək ki, bu sahədə də yaxşı bir potensial var. Bayaq dediyim kimi, bunu dövlət etməməlidir, edə də bilməz. Bu, yalnız xüsusi şirkətlərin görə biləcəyi işdir. Biz ada insanlarının mentaliteti, düşüncəsi böyük ölkələrə nisbətən bir az fərqlidir. Bizim çoxa ehtiyacımız yoxdur, əksinə az olsun, bizim olsun. Amma bu düşüncə tərzi indiki dünyada doğru deyil. İndi hamı bir-birini əzə-əzə bir yerlərə gəlir. Ona görə də bizim iş adamlarının xaricə çıxması çox çətindir. Amma Azərbaycanda bu belə deyil. Burdan ora getməyin əsl vaxtıdır və Azərbaycan iş adamlarını həmişə olduğu kimi bu gün də Şimali Kiprə dəvət edirəm. Gedib görsünlər. Ən çox da orda turizm üçün çox zəngin sərmayə qoymaq imkanları var və bizim dövlət də bunu təşviq edir. Bunun üçün bəzi güzəştlər də var. Ona görə deyirəm ki, hazırda Kiprə getməyin tam zamanıdır. Çünki Kipr türkləri üzərində olan embarqolar davamlı deyil. Əlbəttə ki, bütün bunlar tezliklə aradan götürüləcək. Çünki orda günahsız insanlar insan haqlarından mərhum ediliblər. Bunu hələ ki, Avropa görməməyə çalışır, amma hər bir vicdanı olan insan günahsız insanların orda təzyiqlər altında saxlanıldığını bilir. Bu təzyiqlər tezliklə ortadan qalxacaq və Avropadan Şimalı Kiprə çox böyük sərmayələr gələcək. Əlbəttə ki, Avropadan gələn şirkətlər bankların pulları ilə, kreditləri ilə çox güclü şəkildə investisiya qoymağa çalışırlar. Bax, o zaman azərbaycanlı iş adamları gələrsə, onlarla yarışma vəziyyətində qalacaq və qalib gəlmək şansı çox az olacaq. Halbuki, indiki vaxtda bu rəqabət yoxdur və ora investisiya qoymağın əsl vaxtıdır.

- Sizin də, bizim də bir problemimiz var. Bizdə Qarabağ münaqişəsi, sizdə Kipr məsələsi mövcuddur. Vaxt getdikcə isə bu problemlərin çözülməsi çətinləşir. Bilmək istərdik ki, Kipr məsələsinin həlli getdikcə çətinləşir, yoxsa yaxınlaşır?

- Problemin vaxtı nə qədər uzanarsa, həlli də bir o qədər çətinləşər. Bir işin içinə nə qədər adam qarışarsa, onların mənafeələri toqquşmağa başlayar və iş getdikcə uzanar. Bu baxımdan, Qarabağ məsələsinə nə qədər adam qarışsa, problemin həlli üçün çalışmalarına baxmayaraq, bu münaqişənin həlli də uzanacaq. Burda Azərbaycanın bir şansı var ki, o torpaqlar sizin olduğu üçün onları geri qaytarmaq da sizin hüququnuzdur. Azərbaycanın, türk dünyasının getdikcə güclənməsi Qarabağın tezliklə azad olunması şansını artırır. Kipr məsələsində isə daha çox qarışıqlıq mövcuddur. Asan məsələ olsaydı, əlbəttə ki, bu günə kimi həll olunmuş olardı. Bu işin içində çox ölkənin mənfəətləri var. Bu baxımdan, nə qədər haqlı olsaq belə, bu haqqımızı bizə vermək istəmirlər. Ecevitin zamanındakı cəsur addımlarla haqqımızın bir qismini aldıq və varlığımızı davam etdirə bilirik. Türkiyə o vaxt 5-10 gün belə gec müdaxilə etsəydi, bu məsələ dönüşü olmayan sonluqla tamamlanmış olacaqdı. Bu isə bir çoxlarının mənfəətinə yarayacaqdı. Dünyanın hər yerində olduğu kimi, Kiprdə də iqtisadi çətinliklər var. Amma əhali sayının az olması və düzgün tədbirlər nəticəsində, eyni zamanda, Türkiyənin köməyi ilə iqtisadi gücü artırmaq mümkündür. Türkiyə nə qədər güclü olarsa, Azərbaycan nə qədər güclənərsə, Kipr də o qədər rahat və güvənlikdə olar.

- Tələbə Qəbulu üzrə Dövlət Komissiyası imtahandan kənar xarici universitetlərə qəbulla bağlı xəbərdarlıq edib. Eyni zamanda, sizdəki tibb təhsili müddəti ilə Azərbaycandakı tibb təhsili müddətində fərqlər var. Bunun da problemlər yaratması ilə bağlı söz-söhbətlər oldu.

- Mən Azərbaycana gəldiyim zaman Kiprdə 65 azərbaycanlı tələbə var idi. Bir il sonra bu say 97-yə çatdı. Sonra isə 117, 127, 412 oldu. Bu il isə 950 oldu. Oktyabrda olacaq qəbulda isə bu sayın 1500-ə çatacağını hesab edirəm. Bu, böyük bir rəqəmdir. Türkiyədə oxuyan azərbaycanlı tələbələrin sayı 3500 nəfərdirsə, Kipr üçün 1500 çox böyük rəqəmdir. Kiprdə oxuyan xarici tələbələr içərisində ilk sırada Nigeriya və İran vətəndaşları qərarlaşır. Azərbaycan 6-cı sırada idi, amma indi 3-cü sıradadır. Güman edirəm ki, növbəti illərdə Azərbaycan bu istiqamətdə birinci yerə keçəcək. Bizdəki universitetlərin xaricdən gələn tələbə sayı 60 min olmalıdır. İndi 45 min tələbədir.

Qarşımızdakı hədəf bu sayı lazım olan səviyyəyə yüksəltməkdir. Bu 60 min tələbənin 5 mini mütləq Azərbaycandan olmalıdır. Buna görə də Kiprdə universitetlərin sayı artmaqdadır. Hazırda bizdə 5 universitet var ki, onlardan 2-si dövlət, 3-ü isə özəldir. Kiprdəki yeganə tibb fakültəsi də Yaxın Doğu Universitetindədir. Tibb fakültəsinin olması üçün xəstəxana olmalıydı. Çox müasir bir xəstəxana tikildi. Bununla da tibb fakültəsi öz işini özü qurur. Əsas məqsəd xəstəxananı Kipr şərtləri çərçivəsində qoruyub saxlamaqdır. Böyük sərmayə qoyulan bu xəstəxanaya Türkiyədəki ən yaxşı həkimlər cəlb olundu. Onlar da həm dərs verirlər, həm də xalqa xidmət edirlər. Müasir texnologiyalı bir təhsil ocağıdır. Azərbaycandan da orda tələbələr oxuyur, xüsusən də diş həkimliyi üzrə oxuyanların sayı daha çoxdur. Həm də qeyd edim ki, Kiprdəki bütün universitetlər Ali Təhsil Qurumu adlı bir qurumdan keçir ki, burada verilən diplomları o tanımazsa, o diplomun heç bir qiyməti olmaz. Qurumun verdiyi diplomlar Türkiyədə qəbul olunduğu kimi, dünyanın digər ölkələrində də qəbul olunmasına heç bir mane yoxdur. Hətta bizdə bakalavr pilləsini bitirdikdən sonra növbəti pillələri başqa ölkələrdə oxuyanlar da var ki, bu da həmin diplomların tanınması deməkdir.

- Bəs, azərbaycanlı tələbələrə güzəştlər varmı?

- Azərbaycanlı tələbələrə 50 faiz güzəşt var. Kiprli tələbə nə qədər təhsil haqqı ödəyirsə, azərbaycanlı tələbələr də eyni qiymətlə təhsil alırlar. Amma Türkiyədən gələn tələbələr bunun iki qatını ödəyirlər. Bəzi universitetlər bir illik təhsil haqqı, gündə üç dəfə yemək və yataqxana xərclərindən ibarət paket üsulu tətbiq edirlər. Bu isə Azərbaycan manatı ilə 5 min manat civarında olur.

- Kipr universitetlərinə qəbul necə aparılır?

- Qəbul üçün TQDK-nın qiymətləndirməsi ilə yüksək nəticə göstərənlərdən də müraciət edənlər var. Bunun faydası ondan ibarətdir ki, universitetlər TQDK-nın imtahanında yüksək bal yığanlara (550-700 bal civarında) təqaüdlər verirlər. Amma 400, 200 balla da, eyni zamanda, attestatla da qəbul mümkündür. Onu da deyim ki, bu, hələ tam qəbul demək deyil. Bizdə dərslər əsasən ingiliscə keçirildiyi üçün qəbul olunan tələbələrə əvvəlcə ingilis dili kursları keçirilir. Amma kursları keçdikdən sonra oxumayan heç bir kəsə diplomlar verilmir. Bir-iki il oxumaq fürsəti verilir və bu zaman kəsiyində tələbə özünü doğrultmasa, onunla yollarımızı ayırmalı oluruq.

- Azərbaycandan başqa hansı ölkələrdə diplomatik fəaliyyət göstərmisiniz?

- 1987-ci ildən 1991-ci ilə qədər Belçikada - Brüssel nümayəndəliyində birinci katib olaraq çalışmışam, sonra qısa bir vaxt ərzində İstanbulda baş konsul oldum, 1997-ci ildən 2003-cü ilə qədər İsveçrədə - Cenevrə nümayəndəliyində çalışmışam. Sonra Xarici İşlər Nazirliyinə qayıtdım və üç il nazirlikdə işlədim. Nəhayət, son altı ilimi də Azərbaycanda işləməklə keçirmişəm. Əslində isə mən Kipri çox sevdiyimdən, xaricə getməsəydim də olardı, sadəcə elə bir peşə seçmişəm ki, bütün həyatımı xaricdə keçmək məcburiyyətində qaldım. Amma yavaş-yavaş sonuna gəlirik. Bundan sonra isə təqaüdə gedəcəyəm.

- Azərbaycana gəldiyiniz vaxtdan bu günə kimi görülən işləri necə qiymətləndirirsiniz?

- Mənim üçün Azərbaycan heç bir zaman yad bir yer deyildi. Amma Azərbaycanı daha yaxından tanımaq istərdim. Həm də ki, dünyanın ən gözəl yerlərində diplomatik fəaliyyətdən sonra növbəti gedəcəyim ölkə ilə çox maraqlanırdım. 2005-ci ildə ilk dəfə bura gələndən sonra gedib nazirə "Azərbaycana bağlandım, məni orda diplomatik vəzifəyə göndərə bilərsiniz" dedim. 2006-cı ildən bu günə qədər də burda yaşayaraq ən düzgün qərar verdiyimi özüm-özümə sübut etdim. Mənim iş həyatımın ən gözəl anları Azərbaycanda keçib. Digər ölkələr daha çox nizam-intizam qaydalarına malik olsalar da, oralar bizə doğma yerlər deyil. Məsələn, İsveçrə gözəl bir tablonu xatırladır, o ağaclar, o otların rəngləri, o sular, amma heç bir iyi gəlməz onların. Azərbaycanda isə hansısa rayona gedərkən yoldan bir keçi keçər onun iyi, ağacın, çiçəyin, böcəyin iyi adama xoş gəlir. Deməli, insan doğma yerlərdə özünü daha rahat hiss edir, daha xoşbəxt olur.

- Zəki bəy, bilirik ki, maraqlarınız arasında ovçuluq da var. Rəsmi işləriniz ovla məşğul olmağa imkan verirmi?

- Mənim imkanım olsa, ova tez-tez gedərəm. Həm də ki, xaricilərə burada silah qadağandır. Ona görə də mənim burda öz silahım yoxdur. Buna görə də buradakı dostlarla ova getmək lazımdır. Təəssüf ki, onların da hər zaman vaxtı olmur. Bu baxımdan da ildə 3 ya 5 dəfə ova getmək fürsətim olur. Atam ovçu olduğuna görə mən də 8 yaşımdan ovla məşğulam. Ən çox ovladığım isə quşdur. Digər heyvanlara yazığım gəldiyi üçün onları ovlamaq istəmirəm. Quşu vurmaq istəyərkən isə düşünməyə fürsət olmur.

- Azərbaycan mətbəxini bəyəndinizmi və daha çox hansı yeməkləri xatırlayacaqsınız?

- Sizin mətbəxlə bizim mətbəx arasında elə bir fərq yoxdur. Mən o qədər də çox yeyən adam olmadığıma görə dolma, aş, kababın adını çəkə bilərəm.

- Övladlarınızın sizin yolunuzu davam etdirmək fikirləri varmı?

- Xeyr. Doğrusu, istəmirəm ki, onlar dövlət işində işləsinlər. Özəl sektorda işləmələrini daha çox istəyirəm. 27 yaşında olan oğlum Cahid hotel idarəçiliyi üzrə oxudu və hal-hazırda İsveçrədə təcrübə qazanır. 26 yaşlı İmah adlı oğlum isə İstanbulda hüquq bürosunda işləyir.

- Sizi Azərbaycanda əvəz edəcək insanın kim olacağını bilirsinizmi?

- Məndən sonra Azərbaycanda məni əvəz etmək üçün Sadəddin Topuqçu gələcək. O da mənə çox yaxın insandır. Azərbaycandan getsəm də, fikrim hər zaman burda olacaq.

Xəbər lenti

Xəbər lenti