...

Azərbaycanda rezidenturaya və 9 illik bazadan kolleclərə sənəd qəbulu yekunlaşdı

Cəmiyyət Materials 24 Avqust 2012 17:05 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali tibbi təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul olmaq istəyənlər üçün sənəd qəbulunu yekunlaşdırıb.
Azərbaycanda rezidenturaya və 9 illik bazadan kolleclərə sənəd qəbulu yekunlaşdı

Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali tibbi təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul olmaq istəyənlər üçün sənəd qəbulunu yekunlaşdırıb.

Komissiyadan Trend-ə verilən məlumata görə, avqustun 15-dən başlanılan sənəd qəbulu internet vasitəsilə aparılıb.

Rezidenturaya qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçiriləcək.

İmtahanın birinci mərhələsi sentyabrın 8-də, ikinci mərhələsi sentyabrın 9-da Bakıda keçiriləcək. İmtahanda iştirak etmək üçün namizəd sentyabrın 5-dən 7-dək elektron ərizəsinə daxil olaraq, imtahanın hər bir mərhələsi üçün "Namizədin imtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidir.

Namizədlərə baza və ixtisas fənlərinin hər birindən ayrılıqda 100 test tapşırığı təqdim olunacaq. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 (bir) balla qiymətləndiriləcək. Səhv cavablar namizədin imtahan nəticəsinə (yekun balına) təsir göstərməyəcək. İmtahan suallarının cavablandırılmasına hər bir mərhələ üzrə 2 saat 30 dəqiqə vaxt ayrılacaq.

Bu gün həm də 2012/2013-cü tədris ilində ümumi orta təhsil bazasından Azərbaycanın orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün avqustun 1-dən başlamış sənəd qəbulu başa çatıb.

Cari ildə 9 illik təhsil bazasında 47 orta ixtisas təhsili müəssisəsində 10 404 plan yeri ayrılıb. Onlardan 4 866-sı dövlət sifarişi üzrə, 5 538 yer isə ödənişli əsaslarladır.

Xəbər lenti

Xəbər lenti