...

Yozef Blatter: Azərbaycan indiyə kimi DÇ keçirilən ölkələrdən çox fərqli məkandır (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 21 Sentyabr 2012 11:31 (UTC +04:00)
Dünya çempionatının xüsusilə Azərbaycan kimi dövlətdə keçirilməsi qadın futbolunun inkişafı üçün böyük tarixdir.

Blatterin sözləri əlavə olunub. İlk xəbər saat 11:21-də yayılıb.

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir M.Əliyev/

Dünya çempionatının xüsusilə Azərbaycan kimi dövlətdə keçirilməsi qadın futbolunun inkişafı üçün böyük tarixdir. Trend-in məlumatına görə, bunu cümə günü FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin açılışı ilə bağlı mətbuat konfransında FIFA prezidenti Yozef Blatter bildirib.

"Azərbaycan indiyə kimi DÇ keçirilən ölkələrdən çox fərqli məkandır. Azərbaycan və onun paytaxtı Bakı müxtəlif sivilizasiyaların qovşağıdır. Futbol bütün mədəniyyətlərə məxsus insanları birləşdirən bir oyundur. Prezident İlham Əliyevin bu çempionatın keçirilməsinə şəxsən diqqət və qayğısını qeyd etmək istərdim", - Blatter deyib.

O, həmçinin Cenifer Lopezin açılış mərasimində çıxış edəcəyini qeyd edərək bildirib ki, bu, qadın futbolu üçün gözəl sürpriz olacaq.

"Artıq qadın futbolunun keyfiyyəti artıb. Azərbaycanda keçirilən dünya çempionatının təşkilatçılığı da gözəldir. Və yaxşı mühitin yaradılması bizim Azərbaycanda maraqlı oyunların şahidi olacağımıza ümid verir", - FİFA prezidenti əlavə edib.

Blatter, həmçinin qeyd edib ki, Azərbaycanda kiçik tutumlu stadionların seçilməsi uğurlu addımdır.

"Azərbaycan yüksək səviyyədə təşəbbüskarlıq göstərib. Təəssüf ki, Bakı Yay Olimpiya Oyunlarının keçirilməsi üçün namizəd şəhər kimi qeydə alınmadı. Lakin infrastruktur işləri görülür. Azərbaycanda beynəlxalq səviyyəli yarışların keçirilməsi üçün bu çempionat mühüm rol oynayacaq", - o, bildirib.

Xatırladaq ki, FIFA U-17 qadınlararası dünya çempionatının açılış mərasimi sentyabrın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti