...

Azərbaycanda bəzi dərsliklər yeniləşdiriləcək

Cəmiyyət Materials 2 Noyabr 2012 10:58 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi orta məktəblərin II və VI siniflərinin dərsliklərini yenidən hazırlayacaq.
Azərbaycanda bəzi dərsliklər yeniləşdiriləcək

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi orta məktəblərin II və VI siniflərinin dərsliklərini yenidən hazırlayacaq.

Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı Trend-ə deyib ki, bu günlərdə II və VI sinif dərsliklərinin hazırlanması məqsədilə tenderin keçirilməsi proseduruna başlanılması nəzərdə tutulur. Həmin dərsliklər 2013-2014-cü tədris ilində istifadə ediləcək.

Şahbazlı deyib ki, II sinifdə kurrikulum artıq tətbiq olunub və ilk dəfə olaraq, 4 il əvvəl kurrikulumla hazırlanmış II sinif dərslikləri şagirdlərin istifadəsinə verilib. Amma VI siniflər kurrikuluma gələn il keçəcəkləri üçün onlar üçün yeni tədris proqramı üzrə dərsliklər ilk dəfə hazırlanır.

"VI sinif dərslikləri indiyədək ənənəvi proqramlarla yazılıb. İndi bu dərsliklər yeni tədris proqramları - kurrikulumla hazırlanacaq. Əlbəttə ki, bu, tamamilə yeni olacaq", - Şahbazli deyib.

Yeni II sinif dərsliklərinin hazırkı dərsliklərdən fərqlənib-fərqlənməyəcəyinə gəldikdə, şöbə müdiri bildirib ki, dərsliklərin standartları əvvəlki kimi qalacaq.

"Ancaq yeni dərsliklərdə o standartlara çatmağın yolları başqa olacaq", - nazirlik rəsmisi əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti