...

Zaqatalada zəlzələdən zərərçəkmiş evlərə baxış keçirilməsinə başlanılıb

Cəmiyyət Materials 7 Noyabr 2012 10:36 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyası Zaqatala rayonunda mayda və oktyabrda baş vermiş zəlzələlərdən zərərçəkmiş evlərə baxış keçirməyə başlayıb.
Zaqatalada zəlzələdən zərərçəkmiş evlərə baxış keçirilməsinə başlanılıb

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyası Zaqatala rayonunda mayda və oktyabrda baş vermiş zəlzələlərdən zərərçəkmiş evlərə baxış keçirməyə başlayıb. Bunu çərşənbə günü Trend-ə Zaqatala rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Elman Ramazanov deyib.

Onun sözlərinə görə, əhali tərəfindən 3600 fərdi evə baxış keçirilməsi üçün müraciət edilib. Zəlzələlərdən zərərçəkən evlər bütün rayon ərazisində olsa da, daha çox zərərçəkmiş evlər Qanıx çayı yaxınlığındakı kəndlərdədir.

Ramazanov evlərin mövcud durumu ilə bağlı son qərarın müvafiq komissiya tərəfindən veriləcəyini və indidən qəzalı evlərin sayı barədə konkret rəqəm söyləyə bilməyəcəyini deyib.

O əlavə edib ki, baş vermiş zəlzələlərdən sonra rayondakı orta məktəblərə baxış keçirilsə də, məktəbəqədər təhsil müəssisələrində bu iş hələlik aparılmayıb. Ramazanovun sözlərinə görə, qəzalı hesab edildiyi üçün 5, 6, 11 və 12 saylı bağçalar fəaliyyət göstərmirlər. Hazırda 5 saylı bağça rayon İcra Hakimiyyəti tərəfindən əsaslı təmir edilir.

Komissiya sədri Zaqatalada noyabrın 6-da 3 bal gücündə baş vermiş zəlzələnin rayona ciddi təsir etmədiyini və zəlzələnin dağıntılara səbəb olmadığını qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti