...

Fərhad Abdullayev: Konstitusiya Məhkəməsinin qərarları müasir Avropa hüquqi tendensiyalarını özündə ehtiva edir

Cəmiyyət Materials 9 Noyabr 2012 10:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi fəaliyyət dövrü ərzində 235 qərar qəbul edib. Bunu Trend-ə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.

Abdullayev bildirib ki, həmin qərarlardan 25-i 2011-ci, 18-i isə bu ilin ötən dövründə qəbul edilib.

Məhkəmə sədri qeyd edib ki, Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarlarda insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş mühüm hüquqi mövqelər formalaşıb.

"Konstitusiya Məhkəməsi tərəfindən, demək olar ki, hüququn bütün sahələrinə (mülki, inzibati, cinayət, vergi və s.) aid məsələlərlə əlaqədar müvafiq qərarlar qəbul edib. Xüsusilə vurğulanmalıdır ki, Konstitusiya Məhkəməsinin qərarlarında insan hüquq və azadlıqlarını təsbit edən bir sıra mühüm beynəlxalq normativ aktlarına, həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna, digər ölkələrin konstitusiya nəzarəti orqanlarının təcrübəsinə geniş yer ayrılıb", - o deyib.

Abdullayev bildirib ki, Konstitusiya Məhkəməsinin bir çox qərarlarında isə hüquqi dövlətin mahiyyətindən irəli gələn, xüsusilə də Avropa Məhkəməsinin presendent hüququnda geniş tətbiq edilən hüququn aliliyi, hüquqi müəyyənlik, mütənasiblik və tarazlıq prinsipləri öz əksini tapıb.

Onun sözlərinə görə, Konstitusiya Məhkəməsində baxılan konstitusiya işlərinin 49-u cinayət, cinayət prosessual, inzibati hüquq sahəsinə dair, 33-ü mülki, mülki prosessual, əmək və torpaq hüququ, 8-i mənzil, vergi, gömrük hüququ, 20-i isə sosial təminat hüququ sahəsinə dair olub. Bununla yanaşı, Konstitusiya Məhkəməsi hüququn digər sahələrinə dair 125 qərar qəbul edib.

Abdullayev deyib ki, bu il Məhkəməyə 1361 ərizə və şikayət daxil olub.
Daxil olmuş şikayətlərin əksəriyyətini (440 şikayət) məhkəmə aktlarından verilən şikayətlər təşkil edir. Məhkəmə aktlarından verilən şikayətlər mülki, mənzil, ailə, vergi, əmək və s. münasibətlərdən irəli gələn mübahisələrlə əlaqədardır (alqı-satqı, girov muqaviləsinin etibarsız hesab edilməsinə və ya ləğv olunmasına, torpaq sahələrinin ayrılmasına və istifadə edilməsinə, vərəsəlik hüququnun tanınmasına, işə bərpa edilməsinə, sahibkarlıq fəaliyyətinə, cəzanın yüngülləşdirilməsinə, məhkum edilməsinə və s. məsələlərə dair məhkəmə aktlarından).

Məhkəmə sədri qeyd edib ki, Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" qanunun 34.1-ci maddəsinə uyğun olaraq verilmiş şikayətlərin 315-i Konstitusiya Məhkəməsi Palatasının iclaslarında müzakirə edilməsi və həll edilməsi üçün Konstitusiya Məhkəməsinin hakimlərinə verilib. Həmin şikayətlər üzrə 262 qərardad qəbul edilib.

Onun sözlərinə görə, vətəndaşların Azərbaycan Respublikasının müxtəlif rayonlarında icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən torpaq sahələrinin düzgün bölünməməsi və bu sahədə olan vəzifələrdən sui-istifadə halları, əmək və məzuniyyət haqqlarının ala bilməməsi, təqaüdlərin düzgün hesablanmaması, icra hakimiyyəti orqanlarının, xüsusən də hüquq mühafizə orqanlarının fəaliyyəti, məhkəmələrdə ərizələrin qəbul edilməməsindən və baxılmasından imtina edilməsi, məhkəmə qərarlarının icra olunmaması və digər məsələlər üzrə şikayətləri daxil olub.

"Eyni zamanda, şikayətlərdə yerli icra hakimiyyəti orqanları, məhkəmələr, hüquq mühafizə orqanları, həmçinin vəzifəli şəxslər tərəfindən vətəndaşların pozulmuş hüquqlarının və qanuni maraqlarının bərpa edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməməsi barədə məlumat verilir", - Abdullayev deyib.

O bildirib ki, Konstitusiya Məhkəməsinə daxil olan 411 ərizə və şikayət Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olmadığına görə aidiyyəti üzrə müvafiq dövlət orqanlarına və ya vətəndaşlara Konstitusiya Məhkəməsinin səlahiyyətləri izah edilməklə 510 izah və tövsiyyə xarakterli cavab məktubu göndərilib. Bəzi hallarda vətəndaşların ərizə və şikayətləri əsasında Konstitusiya Məhkəməsinin rəhbərliyi tərəfindən müvafiq dövlət orqanlarına bu və ya digər hüquq pozuntularına dair müraciətlər edilərək diqqətləri həmin məsələlərə cəlb edilib.

Hazırda Konstitusiya Məhkəməsinin Plenumunun icraatına Ali Məhkəmənin, Baş Prokurorluğun, insan hüquqları üzrə müvəkkilin (ombudsman) sorğuları, Bakı və Sumqayıt Apellyasiya məhkəmələrinin müraciətləri, Xəzər rayon məhkəməsinin müraciəti və iki konstitusiya şikayəti qəbul edilib.

Abdullayev bildirib ki, Konstitusiya Məhkəməsinin qərarları ümumi məhkəmə praktikasının formalaşması üçün böyük əhəmiyyət kəsb edir. Qərarlar Konstitusiya Məhkəməsinin hakimləri tərəfindən uzun sürən müzakirələrin nəticəsi olaraq, müasir Avropa hüquqi tendensiyalarını özündə ehtiva edir.

Məhkəmə sədrinin sözlərinə görə, təqdirəlayiq haldır ki, məhkəmələrdə baxılan mübahisələrdə bir çox hallarda Konstitusiya Məhkəməsinin qərarlarına istinad edilir.

"Getdikcə sayı artan Konstitusiya Məhkəməsinə daxil olan məhkəmələrin müraciətləri bir daha onu göstərir ki, ümumi məhkəmələrin hakimləri dövlətin adından qərar qəbul edilməsinin məsuliyyətini dərindən dərk edirlər. Odur ki, bir çox hallarda hakimlər baxılan işlər üzrə icraatları dayandırmaqla, Konstitusiya Məhkəməsinə müraciət edərək Konstitusiya prinsiplərinə əsaslanan yüksək konstitusiya nəzarəti orqanının mövqeyini əldə etməyə çalışırlar. Bu pozitiv hal son nəticədə məhkəmələrdə ədalətli qərarın çıxarılması üçün təminat kimi çıxış edir", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti