...

Ekologiya Nazirliyi: AAF konflikt yaratmaqla hansı məqsədi güdür?

Cəmiyyət Materials 15 Noyabr 2012 21:47 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Alpinizm Federasiyası (AAF) tərəfindən, güya onlara ölkənin ən hündür dağ zirvələrində təlim-məşq toplantılarının keçirilməsinə icazə verilməməsi ilə bağlı bəzi mətbuat orqanlarına şikayət daxil olduğundan, bu məsələyə münasibət bildirib.
Ekologiya Nazirliyi: AAF konflikt yaratmaqla hansı məqsədi güdür?

Azərbaycan, Bakı, 15 noyabr /Trend/

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Alpinizm Federasiyası (AAF) tərəfindən, güya onlara ölkənin ən hündür dağ zirvələrində təlim-məşq toplantılarının keçirilməsinə icazə verilməməsi ilə bağlı bəzi mətbuat orqanlarına şikayət daxil olduğundan, bu məsələyə münasibət bildirib.

Trend-in məlumatına görə, nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova açıqlamasında ilk öncə bildirib ki, bu, bəzi xarici dövlətələrin "isti ocağına" sığınmış Alpinizm Federasiyası rəhbərliyinin saxta və çirkin yollarla ölkəmiz əleyhinə apardığı əks təbliğatdan və aranı qarışdırmaq üçün təxribat cəhdlərindən başqa bir şey deyil.

Qeyd edək ki, hələ 24 oktyabr 2012-ci il tarixində internet portallarının birində Azərbaycan Alpinizm Federasiyası (AAF) tərəfindən ölkənin ən hündür zirvələrində oktyabrın 24-dən noyabrın 4-dək təlim-məşq toplantılarının keçirilməsinə dair məlumat yayılmışdı.

"Əlbəttə bu, normal haldır. Məsələnin qeyri-normal tərəfi isə odur ki, yüksək dağlıq ərazilər əhəmiyyətli təbiət əraziləri olmaq etibarilə xüsusi mühafizə edilən təbiət ərazisi statusuna malikdirlər və oraya nəzərdə tutulan hər bir səfər və ya keçiriləcək tədbir qanunvericiliklə nəzərdə tutulmuş qaydada razılaşdırılmaqla xüsusi icazə əsasında həyata keçirilir. Bu prosedur qaydalara yaxından bələd olan AAF isə müvafiq rəsmi razılıq almadan tədbirin keçirilməsi barədə məlumat yaymaqla müəmmalı mövqe nümayiş etdirmişdir. Bildirirk ki, AAF-dan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qurumun prezidentinin imzası ilə müvafiq tədbirin keçirilməsi barədə məktub 18 oktyabr 2012-ci il tarixində daxil olub. Amma nəzərə alınmalıdır ki, "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" 10 iyun 1997-ci il tarixli Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən müraciətlərə dövlət orqanı tərəfindən 15 gündən 1 ay müddətinədək baxılmalıdır. AAF-ın müraciəti isə tədbirin keçirilməsinə cəmi 6 gündən də az vaxt qalmış təqdim olunub. Yəni müraciət vaxtında edilməyib. Çünki bu tipli müraciətlərə cavab verilərkən müvafiq dövlət orqanı tərəfindən tədbirdə iştirak edəcək şəxslərin sənədlərinin yoxlanılması, həmçinin Milli Parkın ərazisində keçiriləcək tədbirlərin təşkilati cəhətdən hazırlanması, göstərilən marşrutlar üzrə dəqiqləşdirilmələrin və hazırlıqların aparılması proseduru müəyyən vaxt tələb edir. Yalnız bu səbəb əsas götürülərək müraciətə müsbət cavab verilməyə bilər, buna hüquqi əsas var. Lakin səbəb təkcə bu deyil. Burada görünməyən başqa tərəflər də var", İbrahimova deyib.

Onun sözlərinə görə, daxil olmuş məktuba imza atan şəxs, yəni AAF prezidenti şəxsən dəfələrlə bildirib ki, onun müraciəti əsasında göndərilən klub üzvlərinin dağlardakı yürüşü zamanı hərəkətlərinə və davranışlarına məsuliyyət daşımır. (Cari ilin sentyabr ayında sosial şəbəkələrin birində dağçılıq mövzusunda aparılan müzakirələr zamanı düzünə və ya dolayı yolla AAF-ın nümayəndələri olan şəxslər - "təbiətsevərlər" Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı "qara piar" kampaniyası aparmış, yalan, saxtakarlıq üzərində qurulmuş iddialar irəli sürmüş, həqiqəti əks etdirməyən məlumatlar yaymışlar. Nazirlik araşdırma aparmış, iddiaların əsassız olduğu aşkar olunmuş, eyni zamanda bu təşkilatın nümayəndələrinin dəfələrlə Milli Parkların ərazisinə qanunsuz yollarla girdiyi, park işçilərinə hədə-qorxu gəldiyi müəyyən edilmişdir. Bununla bağlı AAF-ın Prezidenti Nazirliyə dəvət olunaraq onunla söhbət aparılarkən o, öz üzvlərinin hərəkət və davranışlarına təsir etmək imkanında olmadığını bəyan etmişdir.) Belə olan halda dağ yürüşləri təşkil edərkən məsuliyyəti üzərinə götürüb Nazirliyə müvafiq icazələrin alınması üçün müraciət edilməsi məntiqi səslənmir.

Buna baxmayaraq AAF prezidenti yenidən Şahdağ Milli Parkında öz Federasiyasının adı altında ayrı-ayrı klubların iştirakı ilə turnirin keçirilməsi barədə məktubla müraciət edib. Göründüyü kimi Federasiya rəhbərinin dedikləri və göndərdiyi məktub məntiqi və hüquqi baxımdan bir-birinə uyğun gəlmir. Belə nəticəyə gəlinir ki, AAF prezidenti öz imzası ilə göndərdiyi məktuba görə məsuliyyət daşımaqdan çəkinir və müəmmalı şəkildə cavabdehlikdən imtina edir. Deməli, sadəcə bu qurumun ciddiliyinə şübhə yaranır və Milli parkın ərazisində törənə biləcək hər hansı hərəkətlərdən kimsə sığortalanmır.

Ona görə də Nazirlik bu şəxslərin fərdi şəkildə və ya daha məsuliyyətli təşkilatın müraciət etməsini məqsədəmüvafiq sayır və yalnız özləri, yaxud üzvlərinin hərəkətləri üçün tam cavabdehlik daşımaq qabiliyyətində olan fərdi şəxslər, dağçılıq klubları və ya müəssisə və təşkilatlarla əməkdaşlıq etmək niyyətindədir. Bununla dağlara yürüş etmək istəyən hər bir kəsin fərdi məsuliyyəti önə çəkiləcək, yəni Milli Parkın ərazisinin təmizliyindən tutmuş, oradakı davranış qaydalarınadək bütün hərəkətlərə hər bir şəxs ayrı-ayrılıqda cavab verəcək. Çünki yuxarıda deyildiyi kimi bu vaxtadək artıq dəfələrlə yürüşçülərin tədbirlərindən sonra neqativ faktlara rast gəlinib. Tədbirlərdən sonra konserv qutuları, araq şüşələri və sair ilə çirkləndirilmiş Milli Parkın ərazisi bir neçə gün parkın əməkdaşları tərəfindən təmizlənməli olub. Güman edilir ki, hətta bir neçə il əvvəl yüksək dağlıq zirvədə qoyulmuş Atatürkun barelyefinə qarşı nalayiq hərəkətlər də (barelyefə güllə atılması faktı) zirvəyə qalxmış dağçılar tərəfindən qəsdən törədilib. (Bunun hansı milli, siyasi zəmində törədilməsini də ehtimal etmək olar... Ehtimal ki, AAF prezidenti bu olayları əvvəlcədən bildiyindən öz üzvlərinin həkətlərinə görə məsuliyyət daşımaqdan boyun qaçırır.)

Bir faktı da nəzərə çatdıraq ki, Federasiya üzvlərinin məktubda qeyd olunan "təlim-məşq toplantı"sı keçirəcəyi planı da olduqca müəmmalıdır. Təcrübədən məlumdur ki, təlim-məşq toplantılarının öncədən planı tutulur və vaxtında müraciət olunur. Ehtimal etmək olar ki, məqsədli konflikt yaratmaq istəyi var.

Qeyd edək ki, bütün bunlara baxmayaraq Alpinizm Federasiyasının Nazirliyə ünvanladığı məktuba tez bir zamanda rəsmi cavab verilib. Bildirilib ki, federasiya rəhbərliyi yürüş müddətində dağçıların hərəkət və davranışlarına görə məsuliyyət daşımadığı üçün idmançılar fərdi şəkildə və ya çalışdıqları müəssisə və klub adından müraciət etsinlər. Lakin vaxt imkan versə də, müraciət daxil olmayıb. Ehtimal ki, həmin vaxt hava şəraitinin əlverişsiz olmasını Alpinizm federasiyası bilib. Bəlkə də tamam başqa səbələrdən müraciət daxil olmayıb...

Ümumiyyətlə, AAF-ın bu məktubunun konflikt yaratmaq məqsədilə göndərildiyi açıq-aydın sezilir və hətta bunun təxribat xarakteri daşıdığını deməkdən başqa digər əsas görünmür.

İndi aydın olur ki, qocaman Azərbaycan təşkilatını əvvəl darmadağın edib, sonra şübhəli şəraitdə ələ keçirənlər dağçılığa aid olmayan məqsədlər üçün istifadə edir. Onları qətiyyən idmançıların marağı düşündürmür, əksinə idmançıların marağını arxa plana çəkərək öz məkirli niyyətlərini həyata keçirməyə cəhd göstərirlər. Görünən odur ki, bu insanlar ölkəmizin irəliləyişi və ümumi imicinin yüksəldilməsi naminə faydalı işlər görmək əvəzinə, əsassız intriqalar girdabında çırpınaraq düzgün olmayan yollara istiqamətlənib.

Eyni zamanda bildiririk ki, həmin müddətdə dağlarda təlim keçməsi üçün münasib hava şəraiti olmayıb. Sözügedən ərazidə hava şəraitinin necə olacağı artıq üç gün əvvəldən məlum idi. Qeyd edək ki, Milli Hidrometeorologiya Departamentindən təlimin keçirilməsi nəzərdə tutulan günlərdə hava şəraitinin yağışlı, küləkli və sulu qarlı olacağı bildirilmişdi. Onlar bununla da maraqlanmayıblarsa və nəticədə ora gediləsi bir şərait olmayıbsa niyə aləmə car çəkib səslərini qaldırıblar. Deməli, bir daha aydın olur ki, bu federasiya çirkli kampaniya aparmaqla məşğuldur, bu, təxribat məqsədi daşıyır və Alpinizm Federasiyasının heç də təlim keçirmək niyyəti olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti