...

Azərbaycanlı alimlər Fransada tədqiqat aparacaqlar (FOTO)

Cəmiyyət Materials 19 Noyabr 2012 16:33 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Parisin Sen Jermen Milli Arxeologiya Muzeyində saxlanılan Azərbaycanın cənub bölgəsinin qədim maddi mədəniyyət nümunələri əsasında tədqiqat aparacaqlar.
Azərbaycanlı alimlər Fransada tədqiqat aparacaqlar (FOTO)

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Parisin Sen Jermen Milli Arxeologiya Muzeyində saxlanılan Azərbaycanın cənub bölgəsinin qədim maddi mədəniyyət nümunələri əsasında tədqiqat aparacaqlar.

İnstitutun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Anar Ağalarzadənin bazar ertəsi Trend-ə verdiyi məlumata görə, bu məqsədlə tarix üzrə fəlsəfə doktoru Abuzər Ələkbərovla birgə dekabrın 2-dən 16-dək Fransada elmi təcrübə keçəcəklər.

Bu təcrübə Arxeologiya və Etnoqrafiya İnstitutu, Fransanın Milli Elmi Tədqiqatlar Mərkəzi və Parisin Sen-Jermen Milli Muzeyinin birgə əməkdaşlığı ilə "Jak de Morqan irsinin tədqiqi" layihəsi çərçivəsində həyata keçirilir.

2012-2015-ci illəri əhatə edən bu layihənin əsas məqsədi Jak və Henri Morqanın Lənkəran və Lerik ərazisində son tunc-erkən dəmir dövrünə aid nekropollarda apardığı tədqiqat işlərinin nəticələri barədə məlumatların yenidən araşdırılması və nəşr edilməsidir.

Əsas diqqət nekropollar barədə olan biliklərin genişləndirilməsinə yönəldilib. Araşdırmanın əsas məqsədi regionun coğrafi mövqeyi və tarixi barədə biliklərin genişləndirilməsi ilə yanaşı, Qafqaz, İran və Anadolu əraziləri arasında regionun təbii sərvətlərinin mənimsənilməsi, onların istifadəsi ilə bağlı münasibətlərin aydınlaşdırılmasına yönəlib.

Nekropollar, əsasən, Henri və Jak Morqan qardaşlarının XIX əsrin 90-cı illərində Azərbaycanın cənub bölgəsində və 1901-ci ildə İran ərazisində apardığı tədqiqatlar nəticəsində aşkarlanıb.

Daş qutu qəbirlər Azərbaycanın cənub bölgəsinin zəngin tarixi keçmişi haqqında məlumat verə biləcək mühüm əhəmiyyətə malik abidələrdir. Bu abidələrin tədqiqi zamanı dövrün maddi və mənəvi mədəniyyəti, dəfn adətləri və dini dünyəvi baxışlarını əks etdirəcək arxeoloji materiallar üzə çıxarılacaq.

Bu çoxşaxəli araşdırma keramika, metal, daş, sümük, arxeozooloji, antropoloji, paleoparazitoloji, geomorfoloji, arxeobotanik materialların araşdırılması ilə yanaşı, bölgədə yeni arxeoloji qazıntıların nəticələrini də əhatə edəcək.

Tədqiqatların nəticəsi ilə əlaqədar Parisdə beynəlxalq sərgi də keçiriləcək və orada Azərbaycanın maddi mədəniyyət nümunələri nümayiş etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti