...

Aparılan monitorinqlər Balaxanı poliqonunda ekoloji vəziyyətin xeyli yaxşılaşdığını göstərir

Cəmiyyət Materials 21 Noyabr 2012 11:27 (UTC +04:00)
Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonu “Təmiz Şəhər” ASC-yə təhvil verildiyi ilk gündən etibarən poliqon ərazisində bərpa və yenidənqurma işləri ilə yanaşı, ətraf mühitin vəziyyəti öyrənilir, ekoloji monitorinqlər aparılır.
Aparılan monitorinqlər Balaxanı poliqonunda ekoloji vəziyyətin xeyli yaxşılaşdığını göstərir

Azərbaycan, Bakı, 21 noyabr /Trend/

Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonu "Təmiz Şəhər" ASC-yə təhvil verildiyi ilk gündən etibarən poliqon ərazisində bərpa və yenidənqurma işləri ilə yanaşı, ətraf mühitin vəziyyəti öyrənilir, ekoloji monitorinqlər aparılır.

ASC-dən Trend-ə verilən məlumata görə, 2012-ci ilin 3-cü rübündə aparılmış monitorinqlər nəticəsində Balaxanı Şəhər Tullantılarının Zərərsizləşdirilməsi Poliqonunda ətraf mühitə təsir parametirlərində müsbət dinamika müşahidə edilmişdir. Belə ki, su və səth torpaq örtüyündə ağır metalların, havada kimyəvi birləşmələrin miqdarının azalması müşahidə olunmuşdur. Ətraf mühitin monitorinqi göstərir ki, havada PM10 tozlarının miqdarı aşağı düşmüş, ağır metalların miqdarında da xeyli azalma müşahidə olunmuşdur. HF (Hidrogen-flüorid), HCl (Hidrogen-xlorid), SO2 (Kükürd dioksidi) və CO (Dəm qazı) qazlarının isə yol verilən qatılıq həddində olduğu müəyyənləşdirilmişdir.

Ümumilikdə poliqon ərazisində havanın tərkibindəki zərərli elementlərin miqdarında xeyli azalma müşahidə olunmuşdur.
Əvvəllər su nümunələrində bəzi elementlərin miqdarı çox olsa da görülmüş işlər nəticəsində bu elementlərin miqdarı yol verilən həddə çatdırılmışdır. Su nümunələrinin əvvəlki illərlə müqayisəli analizi ağır metalların suda miqdarının yol verilən həddə olduğunu göstərir.

Torpaqda ağır metalların azalması uzun sürən prosesdir. Buna baxmayaraq, poliqonda aparılan məqsədyönlü işlər nəticəsində ağır metalların miqdarında azalma tendensiyası müşahidə olunmuşdur.

Qeyd edək ki, ekoloji monitorinqin nəticələri ictimaiyyətə açıqdır və bununla bağlı ətraflı məlumatı Səhmdar Cəmiyyətin ofisində fəaliyyət göstərən tullantıların idarə edilməsi üzrə Məlumat və Resurs Mərkəzindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti