Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir İ.İsabalayeva/
Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin keçirdiyi monitorinq zamanı daha bir Qafqaz bəbirinin görüntüsü qeydə alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, Hirkan Milli Parkında quraşdırılmış fototələlər vasitəsilə bəbirin fotoşəkli çəkilib.
Bu ilin sentyabr ayında Həsən Əliyev adına Zəngəzur Milli Parkının cənub hissəsində Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin keçirdiyi monitorinq zamanı Parkın ərazisində quraşdırılmış fototələlər vasitəsilə bəbirin ilk fotoşəkli çəkilmişdi.
Nazirlikdən bildirilib ki, bu faktlar son illərdə xüsusi mühafizə olunan təbiət ərazilərində heyvanat aləminin mühafizəsi tədbirlərinin gücləndirilməsinə, ekoloji maarifləndirmə işlərinin aparılmasına real nümunə hesab olunur və nəticə etibarilə bəbirin yaşaması, onun qida obyektləri olan iridırnaqlı heyvanların (beoar keçi, muflon və s.) sayının artması üçün təhlükəsiz şəraitdən xəbər verir.
"Son illər Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) beynəlxalq ekoloji kampaniyasının təşəbbüskarı Leyla Əliyevanın Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş 5 fauna növünün (ayı, canavar, ceyran, qartal və bəbir) qorunmasını əhatə edən "Böyük beşlik" proqramı çərçivəsində gördüyü işlər də öz bəhrəsini verib. Aparılan tədbirlərin nəticəsidir ki, son zamanlar xüsusi mühafizə olunan təbiət ərazilərində bəbirlər özlərini daha təhlükəsiz hiss edərək sərbəst yaşayır və tez-tez müşahidə olunurlar", - məlumatda bildirilib.