Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda xəstəxanaların birində maliyyə pozuntuları aşkar edilib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə bildirib ki, 19 saylı Birləşmiş Şəhər Xəstəxanasının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılmış araşdırmalarla müəyyən edilib ki, qeyd edilən xəstəxana cari ilin yanvar ayından əsaslı təmirə bağlanmasına baxmayaraq, faktiki olaraq fəaliyyət göstərməyən stasionar şöbələrin 6 işçisinə qanunsuz olaraq 1873 manat məbləğində büdcə vəsaiti ödənilib.
Bundan başqa Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Müalicə-profilaktika müəssisələrində bir xəstə üçün orta sutkalıq ərzaq normaları"nda müxtəlif adda qida məhsullarının verilməsi nəzərdə tutulmadığı halda həmin normaların tələblərinə əməl edilməyərək 6 min 632 manat dəyərində normadan artıq ərzaq məhsulları məxaric edilib.
Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.