Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir M.Əliyev/
Azərbaycanda yazarların qonorarları prinsipinə dəyişiklik edilməlidir. Trend-in məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov cümə günü jurnalistlərə bildirib.
"Mətbu orqana dövlət tərəfindən maliyyə ayrılan zaman qonorarlar həmin orqanın saxlanılması üçün ayrılan vəsaitdən qat-qat çox olmalıdır. Çünki mətbu orqan orada işləyənlərin deyil, oraya yazı verənlərin qəzeti, jurnalıdır", - Cəfərov deyib.
Onun sözlərinə görə, bu gün də büdcədə qonorar fondu nəzərə alınır, lakin onu adətən nazirliklər müəyyənləşdirir.
"Ədəbiyyat, incəsənət qonorarsız yaşaya bilməz. Bir ümumi ödəmə olur, bir şeiri, hekayəsi, kitabı çıxan adam qonorar alır. Bu gün bu qonorarın məbləği xeyli azdır", - o deyib.