...

Azərbaycanda 2012-ci ildə korrupsiya faktlarına qarşı mübarizəyə qiymət verilib (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 23 Yanvar 2013 10:20 (UTC +04:00)
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin 161 nömrəli "Qaynar xətt"inə 2012-ci il ərzində 5143 müraciət daxil olub. Trend-in məlumatına görə, bunu İdarənin rəisi Kamran Əliyev çərşənbə günü ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir İ.İzzət/

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin 161 nömrəli "Qaynar xətt"inə 2012-ci il ərzində 5143 müraciət daxil olub. Trend-in məlumatına görə, bunu İdarənin rəisi Kamran Əliyev çərşənbə günü ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

Həmin müraciətlərin 34-ü üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılmaqla istintaq aparılıb, onlardan 17-si üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Əliyev qeyd edib ki, "Qaynar xətt"ə daxil olan zənglərin sayı artıb.

"Hesabat ilində İdarə tərəfindən vətəndaşların 1198 müraciətinə baxılmış, həmçinin 229 cinayət xarakterli material araşdırılıb. Həmin cinayət xarakterli materialların 58%-i üzrə cinayət işi başlanıb, digər məlumatlar üzrə isə idarə tərəfindən zəruri qabaqlayıcı tədbirlərin görülməsi təmin edilib" İdarə rəisi əlavə edib.

Əliyev bildirib ki, Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev ölkəmizdə həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirlərini müsbət qiymətləndirərək, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə yaxşı nəticələr olduğunu, bu siyasətin məqsədyönlü şəkildə davam etdiriləcəyini bildirməklə, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin daha da ciddi aparılmalı olduğunu, eyni zamanda institusional və sistem xarakterli tədbirlərin görülməsinin vacibliyini qeyd edib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin böyük siyasi iradə, əzm və qətiyyəti hesabına ölkədə korrupsiyaya qarşı ardıcıl və sistemli mübarizənin aparılması istiqamətində görülən işlərin, həyata keçirilən islahatların, təşkilati və institusional tədbirlərin səmərəliliyi artırılıb.

Prokurorluq orqanlarına korrupsiya cinayətləri üzrə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətlərinin verilməsi Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən bu kateqoriyadan olan cinayətlərin aşkar edilməsi, qarşısının alınması istiqamətində səmərəli nəticələr əldə etməyə zəmin yaradıb.

Belə ki, hesabat dövrü ərzində törədilmiş və hazırlanan cinayətlər barədə İdarənin əməliyyat qurumları tərəfindən 369 müraciət araşdırılıb. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 29, o cümlədən korrupsiya hüquqpozmaları ilə əlaqədar toplanmış materiallar üzrə 4 cinayət işi başlanıb. Qeyd olunan cinayət işlərindən 23-ü üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Həmin işlər arasında torpaq sahəsi ayrılması üçün Bakı şəhəri, Binə qəsəbə bələdiyyəsinin sədri və onun müavininin 4.500 manat, hesablanmış cərimənin silinməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi xidmətinin 1 saylı region üzrə dövlət əmək müfəttişliyinin rəis müavininin 1.500 manat, vətəndaşın 2-ci ali təhsil almaq üçün Universitetə qəbul edilməsi məqsədilə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müəlliminin 40.000 manat, həmçinin Daxili İşlər Nazirliyi ilə birgə keçirilmiş əməliyyat tədbiri nəticəsində vətəndaşı cinayət məsuliyyətindən azad etmək üçün Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkilinin 1.500 ABŞ dolları rüşvət almaları faktı ilə əlaqədar işlər olub.

2012-ci il ərzində idarənin İstintaq şöbəsi tərəfindən 298 şəxs barəsində 170 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Əvvəlki illərlə müqayisədə hesabat dövrü ərzində korrupsiya cinayətlərinin ən təhlükəli formalarından olan passiv rüşvətxorluq (rüşvət alma) ilə istintaq olunan cinayət işlərinin sayı əhəmiyyətli dərəcədə artmışdır ki, bu da istintaq və əməliyyat qurumlarının səmərəli fəaliyyətinin birbaşa nəticəsidir. Məhkəmələrə göndərilmiş cinayət işlərindən 52 şəxs barəsində 32 iş rüşvət alma, 51 şəxs barəsində 33 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 75 şəxs barəsində 44 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq və digər faktlarla əlaqədar olmuşdur.

2012-ci il ərzində məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş cəmi 52 milyon 128 min manat ziyandan ibtidai araşdırma mərhələsində 25 milyon 972 manat manat və ya 49,82% ödənilmiş, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülmüşdür.

Tədbirdə iştirak edən qeyri-hökümət təşkilatlarının nümayəndələri çıxış edərək korrupsiyaya qarşı mübarizə sahəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin 2012-ci il ərzində gördüyü işləri müsbət dəyərləndirmişlər. QHT və kütləvi informasiya vasitələrinin nümayəndələrinin sualları ətraflı cavablandırılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti