...

QMİ Əkrəm Əylisinin "Daş yuxular" əsəri ilə bağlı bəyanat yayıb

Cəmiyyət Materials 13 Fevral 2013 14:24 (UTC +04:00)
Qafqaz Müsəlmanlar İdarəsində (QMİ) Şeyxülislam Allahşükür Paşazadənin iştirakı ilə Əkrəm Əylislinin "Daş yuxular" əsəri müzakirə edilib.
QMİ Əkrəm Əylisinin "Daş yuxular" əsəri ilə bağlı bəyanat yayıb

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir M.Əliyev/

Qafqaz Müsəlmanlar İdarəsində (QMİ) Şeyxülislam Allahşükür Paşazadənin iştirakı ilə Əkrəm Əylislinin "Daş yuxular" əsəri müzakirə edilib.

Trend-in məlumatına görə, Şeyxülislam bildirib ki, əsər Azərbaycan xalqının təhqir olunmasına yönəlib və Azərbaycanın milli-mənəvi dəyərlərinə ziddir.

"Kitabda İslam dini təhqir olunub", - Paşazadə deyib.

Deputat Yaqub Mahmudov bildirib ki, bu kitab millətimizə qarşı saxtakarlıq və təhqiramizdir. "Əsər həqiqətən dözülməz və xalqımıza qarşı riyakarlıqdır, düşmən ermənilərin mövqeyindən çıxış edir və Azərbaycanın başına gələnlər pərdələnir. Əsər və müəllif vətənə xəyanət nümayiş etdirir. Bu, Əkrəm Əylislinin görmək istədiyi yuxulardır. Ermənilər tərəfindən daim təcavüzə məruz qalan biz azərbaycanlılarıq, amma əsər ermənilərə bəraət qazandırır. Bu qədər azərbaycanlıları təhqir edən əsəri indiyə qədər ancaq ermənilərin terrorist yazıçısı Zori Balayan yazıb", - o deyib.

Rus Provaslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşeyin çıxış edərək Azərbaycanın müxtəlif xalqların, müxtəlif dinlərin birgə yaşayışı üçün nümunəvi ölkə olduğunu bildirib. O, əsəri qeyri-səmimi adlandırıb.

Digər qonaqlar da çıxış edərək əsəri tənqid ediblər.

QMİ-nin Elmi-Dini Şurası və Qazılar Şurasının əsərlə bağlı bəyanatı səsləndirilib.

Bəyanatda bildirilir ki, Azərbaycan dindarları Əkrəm Əylislinin (Naibovun) üzdəniraq "Daş yuxular" yazısını birmənalı olaraq xalqımızın heysiyyatına toxunan, ülvi dəyərlərinə təhqir kimi dəyərləndirir, bu mənəviyyatsızlıgın qarşılığında onun "Xalq yazıçısı" adından məhrum edilməsini ədalətli addım sayırlar.

"Dövlət tərəfindən hər zaman gördüyü qayğı və diqqət qarşılığında dövlətçiliyi sarsıtmaq istəyən, xalqına xəyanət edən bir şəxsin "Şöhrət" və "İstiqlal" kimi ali dövlət təltifatları daşımağa da heç bir mənəvi haqqı qalmayıb. Peyğəmbərimiz mübarək hədisi-şərifində buyurur: "Vətəni sevmək imandandır". Öz xalqına qarşı nankor çıxan, milli və dini mənsubiyyətini itirmiş yazarın mənəvi haqqı barədə danışmaq əbəsdir, belə ki, yalnız əqidəsi dönük şəxs belə bir rüsvayçı yazının müəllifi ola bilərdi. Ağalarının nəzərində özünü ucaltmaq məqsədilə tarix qarşısında əli Azərbaycan xalqının qanına batmış andraniklərin cinayətlərinə cidd-cəhdlə bəraət qazandırmaq naminə xalqımızı ikrahla aşağılatmaq istəyən, illərlə əsl simasını pərdələməyə nail olmuş yazar haqlı olaraq xalqın ədalət mühakiməsinin müttəhimidir. Nədənsə İrəvanda, Qarabağda - Şuşada, Ağdamda, Xankəndidə dagıdılmış, təhqir etmək məqsədilə heyvanların buraxıldıgı məscidlərimizin, viran qoyulmuş ziyarətgah və qəbiristanlıqlarımızın taleyi üçün narahat belə olmayan müəllifi ermənilərin öz adlarına çıxdıqları, əslində isə albanlardan miras qalmış kilsə və monastırların aqibəti hədsiz qayğılandırır, yuxusunu ərşə çəkir. "Məsum" adlandırdığı ermənilərin ruhları üçün üzüntü və təəssüf hissi keçirən Əkrəm Naibovun yuxusuna nədən Xocalı qətliamının günahsız qurbanlarının narahat ruhları girmir?! Tarixən erməni ekstremistləri tərəfindən təcavüzə, soyqırıma məruz qalmış Azərbaycan şəhidlərinin, ana bətnində xüsusi qəddarlıqla məhv edilmiş uşaqların, el-obasından didərgin salınaraq qaçqınlıq taleyi yaşamağa məhkum edilmiş soydaşlarımızın haqqını müdafiə etmək hər bir azərbaycanlının borcu olduğu halda, erməni qadınlarının xiffətini çəkən, onların müsbət obrazını yaratmaq üçün dəridən-qabıqdan çıxan yazıçının ümumbəşəri ideyalardan dəm vurması ucuz demaqogiyadan başqa bir şey deyil. Sülhə aparan yol isə günahın günahsıza yüklənməsindən deyil, yalnız ədalətin bərpasından, günahkarın etirafından, haqqın haqlıya verilməsindən keçir. Bunu dərk etməyə isə Əkrəm Naibovun bu yaşadək həllini tapmamış daxili təbəddülatları, öz mənşəyindən şübhələnən qəhrəmanının sözləri ilə dediyi kimi, "içərisindəki erməniliyi" imkan vermir. Müsəlman kəndi Əylisi "ermənilərin Məkkəsi" adlandıran, azərbaycanlıları, müsəlmanları erməni kilsəsinə ibadətə çağıran Əkrəm Naibovun ağır mənəvi durumda olması, islamafobiyaya mübtəla olması və ermənipərəstliyi şübhə doğurmur", - bəyanatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti