...

"Kompüter cinayətkarlığı ilə mübarizədə Almaniya təcrübəsi" mövzusunda elmi-praktik seminar keçiriləcək

Cəmiyyət Materials 15 Fevral 2013 13:57 (UTC +04:00)
Fevralın 18-19-da “Azərbaycan Hüquq İslahatları Mərkəzi” İctimai Birliyinin (AHİM), Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi və Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondu (İRZ) tərəfindən Bakıda “Kompüter cinayətkarlığı ilə mübarizədə Almaniya təcrübəsi” mövzusunda elmi-praktik seminar keçiriləcək.
"Kompüter cinayətkarlığı ilə mübarizədə Almaniya təcrübəsi" mövzusunda elmi-praktik seminar keçiriləcək

Azərbaycan, Bakı, 15 fevral /Trend/

Fevralın 18-19-da "Azərbaycan Hüquq İslahatları Mərkəzi" İctimai Birliyinin (AHİM), Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi və Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondu (İRZ) tərəfindən Bakıda "Kompüter cinayətkarlığı ilə mübarizədə Almaniya təcrübəsi" mövzusunda elmi-praktik seminar keçiriləcək.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 16.01.2013-cü il tarixli Sərəncamına əsasən, "2013"-cü il ölkəmizdə "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan olunmuş və İKT üzrə qabaqcıl texnologiyaların vətəndaşlarımızın gündəlik həyatının müxtəlif sahələrində tətbiqi təşviq olunmuşdur. Bununla belə, günümüzdə İKT-nin kütləvi tətbiqi özü ilə bir sıra təhdidlər gətirmişdir. Bu sahədə mövcud olan kriminal xarakterli təhdidlərin aradan qaldırılması məqsədi ilə ölkəmiz 2009-cu ildə Avropa Şurasının "Kibercinayətkarlıq haqqında" Konvensiyasını ratifikasiya edərək öz üzərinə bir sıra öhədliklər götürmüşdür. Öhdəliklərdən biri kimi isə kibercinayətkarlıqla mübarizə sahəsində ixtisaslaşmış işçi heyətlərin formalaşdırılmasıdır ki, həmin cinayətlərin qarşısının alınmasında onların peşəkarlığının artırılması mühüm əhəmiyyət kəsb edir.

Seminarın keçirilməsində məqsəd respublikamızın bu sahədə fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının əməkdaşları və mütəxəssislərinin peşə bacarıqlarının inkişaf etdirilməsi və onların müvafiq biliklərinin artırılmasıdır.

Məruzəçilərin əsas etibarı ilə almaniyalı mütəxəssislərdən (hakim və ekspertlərdən) ibarət olacağı tədbirdə ölkəmizin aidiyyəti qurumlarının - Baş Prokurorluq, Vergilər, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin, Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə idarəsinin nümayəndələrinin, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı da planlaşdırılmışdır.

Seminarın birinci günü Köln Torpaq Məhkəməsi hakimi Jens Şiminovski "Kiber cinayətkarlıq - təzahür formaları, Kompüter cinayətkarlığı ilə mübarizədə beynəlxalq normalar, məsələnin Almaniya qanunvericiliyində tənzimlənməsi", Almaniya Köln Baş Polis İdarəsinin Kompüter Cinayətkarlığı Departamentinin Baş Komisarı Tomas Qraupeter "Almaniyada polisin kibercinayətkarlıq sahəsində ekspertiza fəaliyyəti", Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin elmi-tədqiqat və metodiki iş şöbəsinin baş məsləhətçisi Yaşar Abdullayev "Kibercinayətkarlığın ictimai təhlükəliliyi, onunla mübarizənin cinayət-hüquqi və kriminoloji aspektləri" mövzusunda məruzə ilə çıxış edəcəklər. Seminarın ikinci günü almaniyalı ekspertlərin "İnternet piratçılığı ilə mübarizənin metodları. Beynəlxalq təcrübənin müqayisəli təhlili", "Provayderin məsuliyyəti və informasiya azadlığı", "Əldə olunmuş gəlirin geri alınması: Məsələnin Almaniya və Avropa qanunvericiliyində tənzimlənməsi" mövzularında məruzələri dinləniləcək. Sonra mövzular ətrafında geniş müzakirələr və fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, Seminar fevralın 18-i saat 09:30-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti