...

Fizuli Ələkbərov Xaçmazda sosial reabilitasiya proqramına cəlb olunmuş ailələrlə görüşüb (FOTO)

Cəmiyyət Materials 1 Mart 2013 15:18 (UTC +04:00)
Martın 1-də əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov Xaçmaz rayonunda birdəfəlik ünvanlı sosial yardım - "Özünədəstək" pilot proqramının icra vəziyyəti ilə tanış olmaq üçün bu rayona gəlib.
Fizuli Ələkbərov Xaçmazda sosial reabilitasiya proqramına cəlb olunmuş ailələrlə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 1 mart /Trend/

Martın 1-də əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov Xaçmaz rayonunda birdəfəlik ünvanlı sosial yardım - "Özünədəstək" pilot proqramının icra vəziyyəti ilə tanış olmaq üçün bu rayona gəlib. Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Xaçmaz rayonunda ucaldılmış abidəsi ziyarət olunub, abidənin önünə gül-çiçək dəstələri qoyulub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, sonra Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin, nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin, nazirlik yanında İctimai Şuranın üzvləri - Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun sədri Rauf Zeyni, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədovun iştirakı ilə rayonun Laman və Köhnə Xaçmaz kəndlərində "Özünədəstək" proqramına cəlb olunmuş ailələrin yardımçı təsərrüfatlarına baxış olub. Baxış zamanı həmin ailələrin verilmiş birdəfəlik ünvanlı sosial yardımdan səmərəli istifadə etdiyi və onların şəxsi təsərrüfatlarında müsbət dəyişikliklərin, habelə gəlirlərində artımın olduğu müşahidə edilib.

Xaçmaz rayon İcra Hakimiyyətində "Özünədəstək" proqramına cəlb olunmuş ailələrlə keçirilən görüşdə nazir Fizuli Ələkbərov ölkəmizdə yoxsulluğun tam aradan qaldırılmasının Prezident İlham Əliyevin uğurlu siyasətinin əsas hədəflərindən biri olduğunu vurğulayaraq, həyata keçirilən mühüm dövlət proqramlarının müsbət nəticəsi kimi yoxsulluq səviyyəsinin son 9 ildə kəskin şəkildə azalaraq 6 faizə düşdüyünü, icra olunan sosial reabilitasiya proqramlarının da nəticə etibarilə yoxsulluğun aradan qaldırılmasına xidmət edən bir tədbir olduğunu vurğulayıb. Bildirilib ki, özlərindən asılı olmayaraq yoxsulluq şəraitində yaşayan, lakin sosial reabilitasiya olunmaq üçün müvafiq potensialı olan hər bir ailənin "Özünədəstək" proqramına cəlb olunması nəzərdə tutulur.

Tədbirdə qeyd olunub ki, Xaçmaz rayonunda aztəminatlı ailələrdən potensial imkanları olan 30 ailə "Özünədəstək" proqramına cəlb edilib və onlardan 29 ailəyə şəxsi yardımçı təsərrüfatlarını inkişaf etdirmək, 1 ailəyə isə əmtəə və xidmətlərin istehsalı ilə məşğul olmaq, beləliklə də sosial reabilitasiya olunmaq üçün bir il ərzində ala biləcəkləri ünvanlı sosial yardım məbləğində birdəfəlik formada vəsait ödənilib. Rayonda aparılmış monitorinqin nəticələrinə əsasən, proqramın icrasının ilk rübündə həmin ailələrin 26-nın gəlirlərində əvvəlki dövrdə aldıqları ünvanlı sosial yardımla müqayisədə artım müşahidə edilib və reabilitasiya prosesi artıq 86% yerinə yetirilib.

Aztəminatlı ailələri təmsil edən şəxslər bu kimi aktiv sosial müdafiə tədbirlərinin işə salınmasını möhtərəm ölkə rəhbərinin aztəminatlı ailələrə diqqət və qayğısının daha bir real nümunəsi kimi dəyərləndirərək, bu proqramın səmərəli və məqsədyönlü olduğunu bildiriblər. İxtisaslaşmış vətəndaş cəmiyyətlərinin nümayəndələri belə aktiv sosial müdafiə proqramlarına cəlb olunan ailələrin seçilməsində onların iştirakına şərait yaradılmasından razılıq ifadə edərək, proqramın səmərəli olmaqla yanaşı, şəffaf şəkildə icra edildiyini vurğulayıblar. Görüşdə "Özünədəstək" pilot proqramının nəticələri təhlil olunub, rəy və təkliflər diqqətə çatdırılıb.

Xaçmaz rayonunda olarkən nazir Fizuli Ələkbərov həmçinin rayonda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunan 4 mərtəbəli 36 mənzilli yaşayış binasının tikinti işləri ilə yaxından tanış olub, müvafiq tapşırıq və tövsiyələrini verib.

Məlumat üçün bildirək ki, 2011-ci ilin aprel ayından etibarən Tovuz, Masallı, İsmayıllı, Xaçmaz, Daşkəsən, Ağstafa, Qazax, Ağcabədi, Beyləqan, Füzuli, Ağdam, Bakının Nizami rayonlarında və Sumqayıt şəhərində Birdəfəlik sosial yardım - "Özünədəstək" pilot proqramının sınaqdan keçirilməsinə başlanılıb. İxtisaslaşmış QHT və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə həmin rayonlar üzrə ümumlikdə 271 ailə seçilərək bu proqrama cəlb edilib.

Ailələrlə rayon (şəhər) ƏSMM arasında imzalanan qarşılıqlı sosial müqaviləyə əsasən reabilitasiya dövründə hər rübdə bir dəfə olmaqla seçilmiş aztəminatlı ailədə monitorinqin aparılması nəzərdə tutulub. Bu qayda üzrə aparılmış monitorinqlər zamanı sosial reabilitasiyada iştirak edən ailələrin 96 faizinin (261 ailə) "Ailənin fəaliyyət planı"nda və ailəni təmsil edən şəxslə bağlanmış "Sosial müqavilə"də əks olunmuş şərt və öhdəlikləri tam yerinə yetirdiyi aydın olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti