Azərbaycan, Bakı, 1 mart /Trend/
Martın 1-də gənclər və idman naziri Azad Rəhimov Bakı Ali Neft Məktəbində olub.
Ali Məktəbdə tələbələrlə və müəllimlərlə görüşü açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov ali təhsil müəssisəsinin Azərbaycan Prezidenti İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunda ölkə iqtisadiyyatının yüksəkixtisaslı mühəndis kadrlarına olan ehtiyacının ödənilməsi məqsədilə yaradıldığını bildirmişdir.
O, tələbə qəbulu göstəricilərinin reytinq cədvəlinə görə BANM-in 2012-ci ildə ali məktəblər arasında mütləq lider olduğu, tədris prosesinin Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıq müqaviləsi çərçivəsində ingilis dilində ən müasir texnologiyaların tətbiqi ilə aparıldığını, tələbələrin təhsildə, müəllimlərin isə tədrisdə motivasiyasını artırmaq üçün kompleks tədbirlərin həyata keçirildiyini, tədris prosesinin istehsalatla sıx əlaqədə olduğunu, biliklərin qiymətləndirilməsinin partnyor-universitet tərəfindən həyata keçirilməsi hesabına tam şəffaf və obyektiv mühitin yaradıldığını, məzunlara 2 diplom veriləcəyini, ali məktəbin binasında ən müasir tələblərə cavab verən infrastrukturun olmasını qeyd etmişdir.
Rektor tələbə gənclərin idarəetmədə iştirakı üçün tam demokratik şəraitin yaradıldığı, tələbələrin müxtəlif idman növləri üzrə yarışlar təşkil etməsi, ümumillli lider Heydər Əliyevin 90 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər çərçivəsində futbol turnirinin başlanması, Ali Məktəbin hazırda inşa edilən şəhərciyində ən müasir beynəlxalq standartlara cavab verən idman kompleksinin yaradıldığı haqqında qonağa məlumat vermişdir.
Rektor Bakı Ali Neft Məktəbində mütəxəssis hazırlığının təşkilini Azərbaycan Prezidenti İlham Əliyevin gənclər siyasəti ilə bağlı təsdiq etdiyi Dövlət proqramının real təzahürü kimi qiymətləndirmiş, 2013-2014-cü tədris ilində "Neft-qaz mühəndisliyi" ixtisası üzrə 50, "Kimya mühəndisliyi" ixtisası üzrə 50 və "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisası üzrə 20 tələbənin qəbul ediləcəyini, Dövlət bayrağı meydanı yaxınlığındakı ərazidə hazırda inşa edilən Ali Məktəb şəhərciyinin ərazisində dünya standartlarına cavab verən idman kompleksi istismara verildikdən sonra gənclərin əqli və fiziki cəhətdən daha sağlam inkişafı üçün imkanların artacağını qeyd etmişdir.
Gənclər və idman naziri Azad Rəhimov Bakı Ali Neft Məktəbinin kollektivini ali təhsil müəssisəsinin uğurla fəaliyyətə başlaması münasibətilə təbrik etmiş, gənclərin, xüsusən tələbə gənclərin dövlət quruculuğunda, iqtisadiyyatın, elmin, təhsilin, mədəniyyətin, incəsənətin və idmanın inkişafında əhəmiyyətli rol oynadığını, azərbaycanlı idmançıların Avropa və dünya çempionatlarında və Olimpiya oyunlarında qazandıqları uğurların ölkənin dünyadakı nüfuzunun yüksəlməsinə xidmət etdiyini vurğulamış, dövlətin gənclərlə bağlı və idmanın inkişafı istiqamətində həyata keçirdiyi siyasətin, ölkənin bütün regionlarında ən yüksək standartlara cavab verən idman komplekslərinin istismara verilməsinin müasir Azərbaycanın insan potensialının özəyi olan gənclərin harmonik inkişafı və həyatda özlərini təsdiq etmələri üçün hər cür şərait yaratdığını qeyd etmiş, hər bir gənci bu imkanlardan bəhrələnməyə çağırmışdır.
Nazir tələbə gənclərə təqdim ediləcək güzəştli Azərbaycan Tələbə Kartlarının onların sosial-mədəni tələbatlarının ödənilməsinə xidmət edəcəyini qeyd etmiş, Bakı Ali Neft Məktəbinin tələbələrinə güzəştli tələbə kartları təqdim etmiş və onların çoxsaylı suallarını cavablandırmışdır.
Tələbələr qonağa Bakı Ali Neft Məktəbinə təşrif buyurduğuna görə minnətdarlıqlarını bildirmişlər.
Sonda rektor Elmar Qasımov Nazir Azad Rəhimova Bakı Ali Neft Məktəbinin "Fəxri qonağı" diplomunu təqdim etmişdir.