...

Fəaliyyəti dayandırılan "Xural" qəzeti 25 min manat cərimələndi

Cəmiyyət Materials 22 Aprel 2013 17:54 (UTC +04:00)
Apellyasiya Məhkəməsində Adam Tlexuray və "Baltika-Bakı" MMC-nin "Xural" qəzetinə qarşı 50 min manatlıq iddiası üzrə proses keçirilib.
Fəaliyyəti dayandırılan "Xural" qəzeti 25 min manat cərimələndi

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir İ.İzzət/

Apellyasiya Məhkəməsində Adam Tlexuray və "Baltika-Bakı" MMC-nin "Xural" qəzetinə qarşı 50 min manatlıq iddiası üzrə proses keçirilib.

Məhkəmənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hakim Toğrul Əliyevin sədrlik etdiyi məhkəmə tərkibi Adam Tlexurayın iddiasını onun iştirakı olmadan qismən təmin edib.

Apellyasiya Məhkəməsi Bakı şəhər Nərimanov rayon məhkəməsinin 23 yanvar 2012-ci il qətnaməsini ləğv edərək iş üzrə yeni qətnamə qəbul edib.

"İddiaçının şərəf və ləyaqətini alçaldan, nüfuzuna xələl gətirən məlumatları yaydığına görə, cavabdeh "Xural" qəzetinin redaksiyasının üzərinə iddiaçı haqqında həmin qəzetdə dərc edilərək, üzr istəmək vəzifəsi qoyulsun. 31 iyul 2011-ci il tarixli müəllifin "Xırdalan" Pivə zavodunda nələr baş verir?" adlı, 21-27 avqust 2011-ci il tarixli "Xırdalan" pivəsinin əfsanəsi qıcqırdı" başlıqlı yazılara təkzib verilməsi cavabdeh "Xural" qəzetinin üzərinə qoyulsun və təkzib başlığı altında dərc olunsun. Cavabdeh "Xural" qəzetindən iddiaçı Adam Tlexurayın xeyrinə 25 min manat pul tutulsun və həmin məbləğ Abşeron rayon Sahil qəsəbəsində yerləşən bu müəssisəyə köçürülsün", - qətnamədə qeyd edilir.

Xatırladaq ki, Tlexurayın qəzetə qarşı qaldırdığı 150 min manatlıq ilkin iddiası Nərimanov rayon məhkəməsinin qərarı ilə qismən təmin edilmiş və qəzet 50 min manat cərimələnmişdi.

Xatırladaq ki, 2011-ci ilin iyul-avqust aylarında "Xural" qəzetində dərc olunan məqalələrdə "Baltika-Bakı" MMC-nin həddindən artıq keyfiyyətsiz pivə istehsal etməsi, "Xırdalan" və "Baltika" adı altında satışa buraxılan pivələrin tərkibində insan orqanizmi üçün təhlükəli maddələrin olması, MMC-nin rəhbəri Adam Tlexurayın 20 Yanvar şəhidlərinə qarşı işçilərin gözü qarşısında hörmətsizlik etməsi kimi məsələlər yer almışdı.

Onu da qeyd edək ki, "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı bu il martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qətnaməsinə əsasən, bir il müddətinə kommersiya və hüquqi şəxs kimi rəhbər və maddi vəzifə tutmaq hüququndan məhrum olunmaqla 9 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə ittiham olunaraq təqsirli bilinib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti