Azərbaycan, Bakı, 3 may /Trend/
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) dəvəti ilə Türkiyənin Tələbə Birliyinin (TTB) sədri Nihat Buğra Ağaoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti cari ilin 1-5 may tarixlərində ölkəmizdə səfərdədir.
Trend-in məlumatına görə, səfər çərçivəsində türkiyəli qonaqlar ATGTİ daxil olmaqla, ölkəmizin aparıcı QHT-ləri və dövlət qurumlarında görüşlər keçirəcək, ikitərəfli əlaqələrin inkişaf modellərini, yeni prespektivlərini müzakirə edəcəklər.
Qeyd edək ki, TTB nümayəndə heyəti artıq Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüşüb, Azərbaycan-Türkiyə tələbə özünüidarəetmə strukturları arasında mövcud əlaqələrlə tanış olublar.
Bundan əlavə, qonaqlar Gənclər və İdman Nazirliyində nazir müavini İntiqam Babayevlə də görüşüblər.
Xatırladaq ki, ATGTİ Türkiyənin müxtəlif tələbə QHT-ləri ilə artıq əməkdaşlıq edir, ittifaqın üzvləri Türkiyənin Rize, Trabzon, Konya, İstanbul və Ankara şəhərlərində keçirilən bir çox beynəlxalq gənclər tədbirlərində iştirak ediblər.