Azərbaycan, Bakı, 6 may /Trend/
"Bank Technique" ASC əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan mini-futbol çempionatına start verib. Bu barədə Trend-ə bazar ertəsi bankdan daxil olan məlumatda deyilir.
Çempionatda bankın Baş ofis və filiallarının işçilərindən təşkil olunan 10 komanda iştirak edir. 6 həftə davam edəcək çempionatda 24 qarşılaşmanın baş tutması planlaşdırılır. Çempionatın şərtlərinə görə, 10 komanda 2 qrupa bölünür və hər qrupdan 2 komanda yarımfinala vəsiqə qazanır. Vəsiqəni qazanan 4 komanda arasında, püşkatma yolu ilə, yarımfinal iştirakçıları seçilir. Oyunlar həftədə 4 oyun olmaqla, Şənbə və Bazar günləri Binəqədi rayonu, 8-ci mikrorayon, İbrahimpaşa Xəlilov küçəsində yerləşən stadionda keçirilir. Mayın 4-də start götürən çempionata iyunun 9-da yekun vurulacaq.
Qeyd edək ki, "Bank Technique" ASC-nin dəstəyi ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan silsilə tədbirlər təkcə mini Futbol çempionatı ilə yekunlaşmayacaq. Bank əməkdaşları arasında yubileyə həsr olunan Şahmat turiniri də keçirməyi planlaşdırır.
"Bank Technique" ASC ümummilli liderin 90 illik yubileyini Kanadanın Toronto şəhərində də qeyd edəcək. Belə ki, Bank, 26 May tarixində Torontə şəhərindəki Kral Musiqi Konservatoriyasında, Mədəniyyət və Turizm Nazirliyinin keçirəcəyi, Niaqara İpək Yolu kamera orkestrinin konsertinə də təşkilati dəstək göstərir. Qeyd edək ki, konsertdə İsmayıl Hacıyevin rəhbərliyi ilə Ü.Hacıbəyov, Q.Qarayev, F.Əmirov, C.Hacıyev, V.Mustafazadə, F.Əlizadə, İ.Hacıyev, K.Əkbərovun əsərləri səsləndiriləcək.