...

"Heydər Əliyev və Azərbaycanda üzümçülüyün inkişafı" mövzusunda "dəyirmi masa" keçirilib

Cəmiyyət Materials 6 May 2013 16:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 may /Trend/

Mayın 6-da İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə hər olunmuş "Heydər Əliyev və Azərbaycanda üzümçülüyün inkişafı" mövzusunda "dəyirmi masa" keçirilib.

Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin aparatının və struktur bölmələrinin, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun, Azərbaycanın Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq, Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili institutlarının əməkdaşları, doktorant və dissertantlar iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə ulu öndərin büstü qarşısına əklil və gül dəstələri qoyaraq onun xatirəsini ehtiramla yad etmişlər. Sonra iştirakçılar İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda təşkil olunmuş ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda üzümçülüyün inkişafını əks etdirən foto-sərgi ilə tanış olmuşlar.

Bundan sonra öz işinə başlayan "dəyirmi masa"da İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev ulu öndər Heydər Əliyevin üzümçülük və şərabçılıq sahəsində gördüyü mühüm işlərdən geniş bəhs etmiş, onun təşəbbüsü və rəhbərliyi sayəsində Azərbaycanda üzümçülüyün sürətlə inkişaf etdiyini vurğulamışdır. Üzümçülük və şərabçılığın aqrar-sənaye sahələri arasında xüsusi yer tutduğunu qeyd edən Vilayət Vəliyev bu sahənin ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir. Ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi dövr ərzində görülmüş tədbirlər nəticəsində keçmiş SSRİ-də Azərbaycan üzüm istehsalının həcminə görə ən qabaqcıl ölkələrdən biri olmuşdur. Vilayət Vəliyev, həmçinin Azərbaycanda üzümçülüyün inkişafının əsas istiqamətləri, regional sahələrin inkişafı və məhsuldarlığın artırılması, regional təsnifatın aparılması, üzümün ixracının və çeşidinin artırılması haqqında tədbir iştirakçılarına geniş məlumat vermişdir.

AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru İsa Alıyev, Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun direktoru Tariyel Pənahov və Milli Məclisin Aparatının baş məsləhətçisi Əmirxan Babaşov ulu öndərin üzümçülüyün inkişafında misilsiz xidmətlərindən, üzümçülük və şərabçılıq sahəsində qəbul edilən normativ-hüquqi bazanın və dövlət qərarlarının əhəmiyyətindən bəhs etmişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti