...

Heydər Əliyevin sosial sahəyə diqqət və qayğısına həsr olunmuş geniş toplantı keçirilib (FOTO)

Cəmiyyət Materials 7 May 2013 19:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 may /Trend/

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar mayın 7-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində geniş toplantı keçirilib.

Tədbir iştirakçıları öncə Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoyub, güllər düzüblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.

Tədbiri giriş sözü ilə açan Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov Ümummilli liderimiz Heydər Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində göstərmiş olduğu xidmətlərdən söz açıb. Qeyd olunub ki, müstəqil Azərbaycan dövlətinin sosial siyasətinin təməli Heydər Əliyevin xalqa bağlılığından yoğrulmuş və bu müdrik siyasət əhalinin rifah halının ilbəil yüksəlməsinə səbəb olmuşdur.

1993-2003-cü illərdə Ulu öndər Heydər Əliyev tərəfindən imzalanan sənədlər, həyata keçirilən tədbirlər müstəqil ölkədə daim güclənən iqtisadi təməl üzərində etibarlı sosial müdafiə sisteminin yaradılmasına, vətəndaş firavanlığının təmin olunmasına xidmət edib.

Əsası Ulu öndər tərəfindən qoyulan sosial inkişaf kursunun möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan nazir Fizuli Ələkbərov bunun əməli nəticəsi olaraq son 10 ilə yaxın müddətdə sosial müdafiə sahəsində həyata keçirilən və sosial cəhətdən həssas əhali qruplarının daha dolğun şəkildə sosial reabilitasiyasına, onların rifah halının yaxşılaşmasına xidmət edən tədbirlər barədə məlumat verib.

Tədbir çərçivəsində Milli Məclisinin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin "Sosial sabitlikdən rifaha" kitabının təqdimatı olub. Hadi Rəcəbli çıxış edərək sosial sahədə milli qanunvericiliyin formalaşdırılması və təkmilləşdirilməsində Ulu öndərimiz tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıb.

Nazirliyin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin sektor müdiri, YAP-ın Salatın Əsgərova 85 - ərazi ilk partiya təşkilatının sədri İskəndər Mustafayev, Nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Əminə xanım Seyidzadə çıxış edərək Ümummilli liderimiz Heydər Əliyevin müdrik və uzaqgörən strategiyasından söz açıb, bu strategiyanın Azərbaycanı böyük perspektivlərə səfərbər etdiyini vurğulayıblar.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədov Nazirlik tərəfindən elan olunmuş "Ümummilli lider Heydər Əliyev və Azərbaycan əhalisinin sosial müdafiəsi" mövzusunda yazı müsabiqəsinin nəticələrini elan edib və müsabiqənin qalibləri olan jurnalistlərə diplom və mükafatlar, həmçinin yazıları ilə fərqlənənlərə həvəsləndirici mükafatlar təqdim olunub.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə hazırlanan və Ulu öndərimiz Heydər Əliyevin və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sosial sahəyə diqqət və qayğısını əks etdirən film nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti