Azərbaycan, Bakı, 11 may /Trend, müxbir İ.İzzət/
Milli Məclisin üzvü Qənirə Paşayeva UNESCO-nun Gender Bərabərliyi Departamentinin müdiri Saniye Gülser Corat ilə görüşüb.
Millət vəkili Qənirə Paşayeva Trend-ə bildirib ki, o, görüşdə Azərbaycan ilə UNESCO arasında əlaqələrin yüksək səviyyədə olduğunu və bu əməkdaşlığın getdikcə daha da genişlənməsinin məmnuniyyətverici olduğunu deyib. Azərbaycan-UNESCO əlaqələrinin Azərbaycanın birinci xanımı UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın ölkənin mədəni irsinin təbliği, onun milli və regional səviyyədə mühafizəsinin təmin olunması, həmçinin Azərbaycanın mədəni dünya arenasında nüfuzunun artırılması istiqamətində böyük xidmətləri sayəsində öz dinamik inkişaf dövrünü yaşadığını deyib. Millət vəkili qeyd edib ki, Azərbaycanın adı hazırda beynəlxalq aləmdə bir çox sahələrdə çox hörmətlə çəkilir və onun UNESCO-nun layihələrində fəal iştirakı, görülən işlər böyük rəğbətlə qarşılanır.
UNESCO-nun Gender Bərabərliyi Departamentinin müdiri Saniye Gülser Corat isə Azərbaycan ilə UNESCO arasında əlaqələrin yüksək səviyyədə olmasının məmnuniyyətverici olduğunu və Azərbaycanın UNESCO-nun layihələrində, keçirdiyi tədbirlərdə fəal iştirakçı ölkə olmasından çox sevindiklərini açıqlayıb.
Görüşdə qadın haqlarının müdafiəsi, gender bərabərliyi, qızların təhsili, qadına qarşı zorakılıqla mübarizə istiqamətində görülən işlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi də aparılıb.