...

Prokuror qəzet təsisçisinə 5 il cəza istəyib

Cəmiyyət Materials 13 May 2013 14:14 (UTC +04:00)
Bu gün Gəncə şəhər Kəpəz Rayon Məhkəməsində “Gündəm xəbər” qəzetinin təsisçisi Şirin Cəfərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Prokuror qəzet təsisçisinə 5 il cəza istəyib

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir A.Məmmədov/

Bu gün Gəncə şəhər Kəpəz Rayon Məhkəməsində "Gündəm xəbər" qəzetinin təsisçisi Şirin Cəfərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə çıxış edən dövlət ittihamçısı Şirin Cəfərinin 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, "Gündəm xəbər" qəzetində şəxsi həyatın toxunulmazlığı prinsiplərinə laqeyd yanaşıldığına, səhifələrində insanların şərəf və ləyaqətini ləkələyən məlumatlar yayıldığına, "Jurnalistlərin peşə davranışı qaydaları"nın mütəmadi pozulduğuna görə müvafiq tədbirlər görülməsi barədə Mətbuat Şurasının müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb.

Müəyyən edilib ki, "Gündəm xəbər" qəzetinin təsisçisi Cəfəri Şirin Abbasqulu oğlu tərəfindən "Kütləvi informasiya vasitələri haqqında" Qanunun tələbləri kobud surətdə pozulmaqla yanaşı, eyni zamanda vergi qanunvericiliyinin tələblərinə də əməl olunmayıb.

Belə ki, vergi ödəyicisi kimi verginin hesablanması üçün zəruri olan hesabatlar tərtib olunmayıb, qanunvericilikdə nəzərdə tutulmuş qaydada mühasibat uçotu aparılmayıb, o cümlədən dərc olunmuş tirajın sayı göstərilməyib, nağd pul hesablaşmalarının aparılması qaydaları pozulub və beləliklə, külli miqdarda, yəni 68.244 manat məbləğində vəsait vergidən yayındırılıb.

Şirin Cəfəri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti