...

Çikaqoda keçirilmiş enerji və nəqliyyat məsələlərinə həsr edilmiş konfranslarda səfirin müavini çıxış edib (FOTO)

Cəmiyyət Materials 19 May 2013 09:31 (UTC +04:00)
Bu ilin 15-17 may tarixlərində ABŞ-ın aparıcı biznes mərkəzlərindən olan Şimali İllinoys Universiteti (Northern Illinois University) və Mərkəzi Asiya Məhsuldarlıq Mərkəzinin (Central Asian Productivity Research Center) birgə təşkilatçılığı ilə Çikaqoda 4-cü illik enerji (4th Multinational Energy and Values Conference) və 8-ci illik İpək Yolu konfransları keçirilib (8th Annual Silk Road Conference).
Çikaqoda keçirilmiş enerji və nəqliyyat məsələlərinə həsr edilmiş konfranslarda səfirin müavini çıxış edib (FOTO)

Azərbaycan, Bakı, 19 may /Trend/

Mayın 15-dən 17-nə kimi ABŞ-ın aparıcı biznes mərkəzlərindən olan Şimali İllinoys Universiteti (Northern Illinois University) və Mərkəzi Asiya Məhsuldarlıq Mərkəzinin (Central Asian Productivity Research Center) birgə təşkilatçılığı ilə Çikaqoda 4-cü illik enerji (4th Multinational Energy and Values Conference) və 8-ci illik İpək Yolu konfransları keçirilib (8th Annual Silk Road Conference).

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumatına görə,15-16 may tarixlərində keçirilmiş enerji konfransında ABŞ, Türkiyə və Niderlandın aparıcı ali təhsil müəssisələrinin enerji məsələləri üzrə mütəxəssisləri çıxış edərək hazırladıqları hesabatları təqdim ediblər.

Konfransda əsas qonaq qismində iştirak edən Azərbaycan Respublikasının ABŞ-dakı Səfirinin müavini Nərgiz Qurbanova çıxışı zamanı Azərbaycanın enerji siyasətindən, ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı roldan danışıb. Bu kontekstdə o, Cənub Qaz Dəhlizinin reallaşmasını şərtləndirəcək Trans-Anadolu Qaz Kəməri (TANAP) layihəsi barədə məlumat verib. Fikrinin davamı olaraq, N.Qurbanova diqqəti Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (ARDNŞ) aparıcı rolu ilə həyata keçirilən irimiqyaslı enerji layihələrinin region ölkələrinin - Gürcüstan və Türkiyənin iqtisadiyyatlarına verdiyi əhəmiyyətli töhfələrə çəkib.

Daha sonra azərbaycanlı diplomat Azərbaycanın qeyri-neft sektorunun inkişafı prosesinə toxunaraq, dövlət üçün bu sahələrin inkişafının, xüsusilə informasiya texnologiyaların, habelə qeyri-ənənəvi enerji resurslarının inkişaf etdirilməsinin prioritet olduğunu vurğulayıb.

Mərkəzi və Cənubi Asiya ölkələrinin nəqliyyat-tranzit imkanları və perspektiv inkişaf istiqamətləri bu ilin 17 may tarixində Azərbaycanın "Silk Way Airlines" aviaşirkətinin dəstəyi ilə keçirilmiş İpək Yolu konfransında müzakirə edilib. Tədbirdə Azərbaycan tərəfi ilə yanaşı Özbəkistan və ABŞ-dakı səfirləri İlhom Nematov və Kairat Umarov əsas qonaqlar qismində iştirak ediblər.

Azərbaycanlı diplomat ölkəmizin tranzit imkanlarından, Azərbaycanın Avropa ilə Asiya arasında yükdaşıma və ticarətin inkişafına verdiyi töhvələrdən bəhs edib. N.Qurbanova 2014-cü ildə döyüş qüvvələrinin Əfqanıstandan çıxarılmasından sonra bu ölkənin iqtisadi inkişafı və onun regional iqtisadiyyata inteqrasiyasının təşviqini nəzərə tutan ABŞ-ın "Yeni İpək Yolu" strategiyasının həyata keçirilməsinə Azərbaycanın verə biləcəyi töhfələrdən danışaraq, ölkəmizin həyata keçirdiyi irimiqyaslı və regional əhəmiyyətli infrastruktur layihələri, xüsusilə Ələt beynəlxalq dəniz ticarət limanı, Heydər Əliyev beynəlxalq hava limanının genişləndirilməsi və Bakı-Tbilisi-Qars dəmiryolu layihələrini qeyd edib.

Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub tranzit xəttlərinin üzərində yerləşməsinin, o cümlədən Qara və Aralıq dənizlərinin dərin sulu limanlarına yaxınlığının və növbəti illər ərzində Azərbaycanın regional infrastrukturun inkişafına maliyyə dəstəyinin göstərməkdə davam etməsinin ölkəmizin beynəlxalq tranzit daşımaları üçün əhəmiyyətini şərtləndirən amillər olduğu azərbaycanlı diplomat tərəfindən vurğulanıb.

Azərbaycan artıq bir neçə ildir ki, İpək Yolu konfranslarında iştirak edir. Konfrans təş­kilatçılarından olan Mərkəzi Asiya Məhsuldarlıq Mərkəzinin (CAPRC) Azərbay­can­dan Naxçıvan Dövlət Universitei ilə yaxın əməkdaşlığı mövcuddur.

Xəbər lenti

Xəbər lenti