...

Arzu Kazımovun cinayət işi məhkəməyə göndərilib

Cəmiyyət Materials 30 May 2013 12:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir İ.İzzət/

Arzu Kazımovun təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün məhkəməyə göndərilmişdir.

Trend Baş Prokurorluğun rəsmi saytına istinadən xəbər verir ki, məlumat verildiyi kimi Mahir Abdullayevin itkin düşməsi və digər faktlarla bağlı Baş Prokurorluqda istintaq olunan cinayət işləri üzrə Baş prokuror yanında yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Həmin işlərdən Kazımov Arzu Firudin oğlunun Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq tamamlanaraq aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Aparılmış hərtərəfli, tam və obyektiv istintaqla Arzu Kazımovun göstərilən cinayətdə təqsiri sübuta yetirilmişdir. Belə ki, istintaqla müəyyən edilmişdir ki, A.Kazımov özünü Mənzil-tikinti kooperativinin rəhbəri kimi qələmə verməklə müxtəlif vəzifəli şəxslərlə münasibətlərinin olmasını əsas gətirib Mahir Abdullayevi tapa biləcəyi barədə həqiqətə uyğun olmayan yalan vədlər verərək yaxın münasibətlərdə olduğu E.Abdullayevdən ümumilikdə 1.500.000 ABŞ dolları məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir.

Elşad Abdullayev verdiyi pulun müqabilində 9 aprel 2005-ci il tarixli müqavilə əsasında A.Kazımovun qardaşı Nizami Kazımova məxsus "KNF İnvestment" Məhdud Məsuliyyətli Cəmiyyətini, habelə müəssisənin Sabunçu rayonu ərazisində yerləşən torpaq sahəsini və tikililəri qayınatası Hüseyn Əhmədovun adına rəsmiləşdirmişdir.

Bundan başqa istintaqla Arzu Kazımovun törətdiyi cinayətdə hər hansı digər şəxsin, o cümlədən Daxili İşlər nazirinin sabiq müavini mərhum Zahid Dünyamalıyevin iştirakı müəyyən edilmədiyindən, bu hissədə cinayət təqibinə xitam verilmişdir.

Eyni zamanda həmin cinayət işinin materiallarından Elşad Abdullayevin 1.500.000 ABŞ dolları məbləğində pul vəsaitinin rüşvət verməyə cəhdi faktı üzrə başqa cinayət işi ayrılaraq aidiyyəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə göndərilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti