...

Azərbaycanda 2012-2013-cü tədris ilinin ilk buraxılış imtahanı keçirilir

Cəmiyyət Materials 2 İyun 2013 08:00 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 2-də orta ümumtəhsil müəssisələri üzrə 2012-2013-cü tədris ilinin ilk buraxılış imtahanları keçirilir.
Azərbaycanda 2012-2013-cü tədris ilinin ilk buraxılış imtahanı keçirilir

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 2-də orta ümumtəhsil müəssisələri üzrə 2012-2013-cü tədris ilinin ilk buraxılış imtahanları keçirilir. Komissiyadan Trend-ə verilən məlumata görə, ilk buraxılış imtahanı (IX və XI siniflər üçün) iyunun 2-də Bakı şəhərində, Sumqayıt şəhərində və Abşeron rayonunda keçiriləcək. Eyni gündə Lənkəran, Gəncə, Quba, Qusar, Balakən, Xaçmaz, Zaqatala, Mingəçevir rayonlarının rus bölməsi şagirdləri də buraxılış imtahan verirlər.

İyunun 2-də orta ümumtəhsil müəssisələrinin IX siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda ümumilikdə 79 imtahan mərkəzi ayrılıb.

Bakı şəhərində 32479 (Nərimanov rayonunda 2583, Səbail rayonunda 1699, Yasamal rayonunda 3022, Nəsimi rayonunda 2406, Nizami rayonunda 2654, Binəqədi rayonunda 4062, Sabunçu rayonunda 4438, Xətai rayonunda 3703, Suraxanı rayonunda 3064, Xəzər rayonunda 2662, Qaradağ rayonunda 2027 nəfər, Pirallahı rayonunda 159), Sumqayıt şəhərində 4390, Abşeron rayonunda isə 2924 nəfər IX sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.

İmtahanın idarə edilməsi üçün 333 imtahan rəhbəri, 3353 nəzarətçi-müəllim ayrılıb.

Orta ümumtəhsil müəssisələrinin XI siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda ümumilikdə 79 imtahan mərkəzi ayrılıb.

Həmin gün Bakı şəhərində 23145 (Nərimanov rayonunda 2042, Səbail rayonunda 1366, Yasamal rayonunda 2337, Nəsimi rayonunda 1995, Nizami rayonunda 2218, Binəqədi rayonunda 2989, Sabunçu rayonunda 2497, Xətai rayonunda 2690, Suraxanı rayonunda 2025, Xəzər rayonunda 1594, Qaradağ rayonunda 1254 nəfər, Pirallahı rayonunda 138), Sumqayıt şəhərində 3369, Abşeron rayonunda isə 1665 nəfər XI sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.

Lənkəran, Gəncə, Quba, Qusar, Balakən, Xaçmaz, Zaqatala və Mingəçevir rayonlarının rus bölməsi şagirdlərinin buraxılış imtahanları üçün adı çəkilən şəhərlərin hər birində 1 imtahan mərkəzi yaradılmışdır. İyunun 2-də həmin şəhərlərin orta ümumtəhsil müəssisələrinin rus bölməsi üzrə buraxılış sinfində təhsil alan 1727 nəfər IX sinif şagirdi, 1472 nəfər isə XI sinif şagirdi imtahan verir.

Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər.

İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır. Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir. Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir. Şagirdin 5 ballıq şkala üzrə imtahan qiymətləri bütün respublikada buraxılış imtahanları bitdikdən etibarən 10 günədək müddətdə elan edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti