...

Azərbaycanda qadınlar üçün yeni jurnalın təqdimatı keçirilib

Cəmiyyət Materials 4 İyun 2013 18:08 (UTC +04:00)
Bu gün "Lider Qadınlar" İctimai Birliyinin təsis etdiyi "Qadın və sağlamlıq" jurnalının təqdimatı keçirilib.

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir M.Əliyev/

Bu gün "Lider Qadınlar" İctimai Birliyinin təsis etdiyi "Qadın və sağlamlıq" jurnalının təqdimatı keçirilib.

Trend-in məlumatına görə, tədbirdə "Lider Qadınlar" İctimai Birliyinin sədri, Milli Məclisin üzvü Məlahət İbrahimqızı bu gün Azərbaycan media məkanında qadınlar üçün xeyli jurnalların nəşr edildiyini, onların öz oxucusu olduğunu bildirib.

O qeyd edib ki, jurnalı ərsəyə gətirməkdə əsas məqsəd xanımlarımızı dövlət qadın siyasəti və hərəkatında baş verən yeniliklər, ölkəmizin ictimai-siyasi həyatında və cəmiyyətimizin bütün sahələrində qadınlarımızın uğurları ilə tanış etməklə yanaşı, qadın, uşaq, ana sağlamlığı məsələlərini daim diqqətdə saxlamaqdır.

Jurnalın təqdimat mərasimində, həmçinin Milli Məclis sədrinin müavini Bahar Muradova, ombudsman Elmira Süleymanova, Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, ABŞ-dakı "Qarabağ" Fondunun direktoru Diana Altman Kohen, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı yeni nəşrin əhəmiyyətindən, cəmiyyətdə oynayacağı roldan, qadınların ölkənin ictimai-siyasi həyatındakı xidmətindən və onların gələcəkdə cəmiyyətimizə verəcəyi töhfələrdən danışıblar.

Çıxış edənlər jurnalın "Qadın və sağlamlıq" adlandırılmasının özlüyündə bir sıra məsələləri ehtiva etdiyini bildiriblər.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə çıxışında bildirib ki, Azərbaycanda 420 minə yaxın əlil var və bu rəqəm dünya ölkələri ilə müqayisədə çox deyil: "Təəssüf ki, onların 60 mini uşaqdır. Əlil uşaqların sayının getdikcə artmasına səbəb doğuşa qədər ana sağlamlığının düzgün nizamlanmaması, eyni zamanda, doğuşdan dərhal sonra körpələrə düzgün qulluq edilməməsidir".

Rəcəbli bu problemləri aradan qaldırmaq üçün maarifləndirici tədbirlərin gücləndirilməsinə ehtiyac olduğunu deyib və əlavə edib ki, yeni jurnal maarfləndirmə işində böyük rol oynaya bilər: "Hesab edirəm ki, yaxın gələcəkdə bu jurnalı ayda iki dəfə buraxmaq daha məqsədəuyğun olar".

Qeyd edək ki, "Qadın və sağlamlıq" jurnalı ayda bir dəfə nəşr olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti