...

Bakıda ikinci "Tullantıdan sənətə" beynəlxalq sərgisi keçiriləcək (FOTO)

Cəmiyyət Materials 14 İyun 2013 12:16 (UTC +04:00)
İnsanların diqqətini hər hansı bir məsələyə yönəltməyin ən zərif yolu incəsənətdir. Məhz bu fikri əsas tutaraq 2013-cü il 16-20 iyun tarixlərində “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC, “Qız Qalası” qalereyası və “İçərişəhər” DTMQİ tərəfindən “Tullantıdan sənətə” İkinci Beynəlxalq sərgi keçiriləcək.
Bakıda ikinci "Tullantıdan sənətə" beynəlxalq sərgisi keçiriləcək (FOTO)

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir İ.İzzət/

İnsanların diqqətini hər hansı bir məsələyə yönəltməyin ən zərif yolu incəsənətdir. Məhz bu fikri əsas tutaraq 2013-cü il 16-20 iyun tarixlərində "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Təmiz Şəhər" ASC, "Qız Qalası" qalereyası və "İçərişəhər" DTMQİ tərəfindən ikinci "Tullantıdan sənətə" beynəlxalq sərgisi keçiriləcək.

"Təmiz Şəhər" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sərgidə dünyanın müxtəlif ölkələrindən onlarla sənətkar əşyaları atmazdan əvvəl cəmiyyəti bir daha fikirləşməyə sövq edəcək nəfis incəsənət əsərləriylə çıxış edəcək.

Sərginin bir çox zəngin maddi-mədəniyyət nümunələrinin qorunub saxlandığı Qala Qoruğunda keçirilməsi insanların dünən yararsız hesab etdikləri əşyaların sabahın dəyərli bir sənət nümunəsi olduğunun vurğulanmasına xidmət edir. Həmçinin beynəlxalq tədbir Qala qəsəbəsində tullantıların çeşidlənmiş şəkildə toplanması, daşınması və utilizasiyası işinin təşkilinə sakinlərin dəstəyini təmin etmək baxımından böyük əhəmiyyətə malikdir.

Tullantıdan sənət nümunələri yaratmaq bu günün klişelərinə və qaydalarına etiraz kimi qiymətləndirilir. Bu trendin nümayəndələri istifadəyə yararsız və gərəksiz hesab edilən əşyaları sənət əsərinə çevirərək izləyiciləri heyrətə gətirəcəklər. Beynəlxalq sərgidə Azərbaycan rəssamları ilə yanaşı Fransa, İtaliya, Birləşmiş Krallıq, ABŞ, Yaponiya, Benin, Albaniya, Ukrayna, Qazaxıstan, Belarus, İsrail, Özbəkistan, Tacikistan, Türkiyə və Rusiya kimi ölkələrin görkəmli incəsənət nümayəndələri iştirak edəcəklər.

Ötən ilin iyun ayında Qala qəsəbəsində keçirilən Birinci "Tullantıdan Sənətə" sərgisindən fərqli olaraq, bu ilki sərginin formatı hazır sənət nümunələrinin nümayişi şəklində yox, tullantının sənət əsərinə çevrilməsinin möcüzəvi prosesini əyani şəkildə izləməyə imkan yaradacaq. Belə ki, sərginin 24 iştirakçısı öz əsərləri üzərində elə pavilyondaca işləyəcəklər.

Sərgidə iştirak etmək istəyən hər kəs dəvətlidir. Sərgini ziyarət etmək istəyənlərin Qala Qoruğuna gediş-gəlişini təmin etmək üçün təşkilatçılar tərəfindən avtobuslar təmin olunacaq. Ziyarətçilər 17-19 iyun tarixləri ərzində hər gün saat 12:00 və 15:00-da Qoşa Qala qapısı önündən yola düşən avtobuslar vasitəsilə Qala qoruğuna gedə bilərlər.

Qeyd edək ki, artıq ənənə halını almış beynəlxalq tədbir Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə "Təmiz Şəhər" ASC tərəfindən həyata keçirilən Qala qəsəbəsində tullantıların idarəolunması sisteminin müasir standartlara uyğun qurulması üzrə pilot layihəsinin maarifləndirmə proqramı çərçivəsində keçirilir.

Aşağıda Birinci Beynəlxalq "Tullantıdan Sənətə" sərgisinin eksponatları (1-10 iyun, 2012-ci il, Qala qəsəbəsi) əks olunmuş fotomaterialla tanış ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti