Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir İ.İzzət/
İyunun 21-də Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumundan böyük gözləntilər var. Bu barədə Trend-ə açıqlamasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı deyib.
Onun sözlərinə görə, 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə toplantısı zamanı imzalanmış "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında" Naxçıvan Sazişinin nəticəsində qurulan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının məqsədi türkdilli ölkələr arasındakı əməkdaşlığın daha da inkişaf etdirilməsinə və inteqrasiyaya nail olmaqdır. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən ibarət 4 üzvü olan Şura əvvəlcə iqtisadi, təhsil və mədəniyyət sahəsində inteqrasiya məsələlərinə önəm verir:
"Artıq diasporları da bir araya gətirmək lazımdır. Çünki biz dünyada say olaraq bəlkə də hamıdan çoxuq. Dünyada 10 milyondan çox türk diasporu var. Amma bizim səsimiz başqa diasporlar kimi çıxmır. Niyə? Çünki birləşməmişik. Türkiyə başqa bir tərəfə, başqa biri digər tərəfə çəkir. Ona görə də qərara gəldik ki, diasporları bir araya gətirək. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin bu il mayın 14-də Ankarada keçirilən II toplantısında "Türkdilli ölkələrin diaspor təşkilatlarının ortaq fəaliyyət strategiyası" imzalandı. Bu strategiyada nələr var? Deyək ki, biz məntəqələr üzrə toplanacağıq. Məsələn, Almaniyada Türkiyə, Azərbaycan, Qazaxıstanın diasporları var. Bunlar toplanıb bir araya gələndə ortaq strategiya müəyyən edəcəklər. Sonra dövlətin nə iş görəcəyi dəqiqləşdiriləcək. Dövlətin məqsədi budur ki, həmin insanların ana vətənləri ilə bağlantıları qopmasın. Bunun üçün ilk növbədə gənclərin üzərində dayanmaq lazımdır. Xaricdə məktəblər açılacaq. Gənclərin təhsili, ana dilini unutmamaları çox önəmlidir. İndi bu işi qeyri-hökumət təsisatlarına da ötürməyin zamanı gəlib çatıb. Sabah Bakıdakı Foruma bütün dünyadan 500-dən çox nümayəndə gələcək. Bu strategiya onlara da göstəriləcək. Ardınca bildiriş veriləcək. Bildiriş dövlətin və diasporların nə iş görməli olduğunu müəyyən edəcək hərəkət planı formasında olacaq".
Şuranın Baş katibi hesab edir ki, Bakı Forumu türk diasporlarının siyasi cəhətdən də yaxınlaşmasında xüsusi rol oynayacaq və çox böyük gücə çevriləcək:
"Bizim xaricdə siyasi baxımdan gücümüz yoxdur. Bizdən də az sayda olan diasporların nümayəndələrinin müxtəlif ölkələrdə nazir və millət vəkilləri var. Bizdə isə belələri çox azdır. Lakin əgər gücümüzü birləşdirsək, türk diasporları çox böyük gücə çevriləcək. Bunun şüarı belədir: "Birlikdən qüvvət doğar". Dörd dövlət, dörd xalq birləşsə, daha da güclü olar və daha çox şeyə nail olar. Məsələn, deyək ki, Avropanın hansısa bir ölkəsində seçki keçiriləcək. Seçkidə bütün türk diasporları birləşib qazax namizədi dəstəkləyəcək. Bundan əlavə, gənclər arasında əlaqələrin sıxlaşması təmin ediləcək. Gənclərin bir-birini tanıması çox önəmlidir. Bu, məsələnin açarıdır. Çünki valideynlərindən fərqli olaraq, gənclərin mədəni olaraq vətəndən əlaqələrinin qopması ehtimalı çox böyükdür. Onlar ana vətənlərində yaşıdları ilə görüşəcəklər, dillərini öyrənəcək və ona bağlı olacaqlar. Bunları etməklə yanaşı, yaşadıqları ölkələrin sadiq vətəndaşları olacaqlar. Həmin ölkələrin maraqlarına zidd getməyəcəklər. Yəni onlar yaşadıqları ölkə ilə ana vətənləri arasında körpü olacaqlar."
Xəlil Akıncının sözlərinə görə, gələcəkdə Şuranın sıralarının digər türk dövlətlərinin hesabına genişlənəcəyi də istisna edilmir:
"Təəssüf ki, digər 2 türkdilli dövlət - Türkmənistan və Özbəkistan bu işdən kənarda qalıblar. Amma gələcəkdə Özbəkistan və Türkmənistanın da bu Şuraya qatılacağı istisna deyil. Bu Şura qurulduqdan bəri bir sıra işlər görülüb. İyulun əvvəlində Bakıda 4 ölkənin nəqliyyat nazirləri toplanacaq. Bundan əvvəl iqtisadiyyat nazirləri toplandı və iqtisadi əməkdaşlığın inkişafı yolunda addımlar atdılar. Türkmənistan və Özbəkistan da bunu görüb gələcəklər. Onlar da bu işdən kənarda qala bilməyəcəklər".
Onun sözlərinə görə, Bakıdakı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumunda hər hansı sənəd imzalanmayacaq, artıq qəbul edilmiş strategiya açıqlanacaq. Sonda bildiriş yayılacaq və Şura üzvü olan dövlətlərin başçılarına müraciət qəbul ediləcək. Hər dövlətin başçısı Foruma bir mesaj göndərib ki, onlar da oxunacaq.
Akıncı qeyd edib ki, bu işin arxasında dövlət başçıları da duraraq dəstəklərini verirlər.
Baş katibin sözlərinə görə, türkdilli dövlətlərin birliyinə nail olmaq üçün iqtisadi əməkdaşlığın genişləndirilməsi, bunun qarşısında duran əngəllərin aradan qaldırılması istiqamətində işlər aparılır. Çünki iqtisadi əməkdaşlıq olduğu zaman hər kəs bunun nəticəsini görəcək. Bundan əlavə, mədəni əlaqələrin qurulması da inteqrasiyanı sürətləndirəcək:
"Azərbaycan artıq latın əlifbasına keçib. Qazaxıstan və Qırğızıstan da bu əlifbaya keçəcək. Biz buna çalışırıq. Bundan əlavə, uşaqların təhsili üçün ortaq televiziya qurulacaq. Akademiyalar türk tarixini yenidən yazacaq, məktəblərdə oxunacaq tarix və ədəbiyyat kitabları ortaq yazılacaq".
Xəlil Akıncı hesab edir ki, vahid türk diasporunun olması türkdilli dövlətlərin haqq səsinin dünyaya çatdırılmasında da böyük rol oynayacaq:
"Hər dövlətin öz problemi var. Türkiyənin Kipr, Azərbaycanın Qarabağ dərdi var. Türkiyə NATO-nun üzvüdür və Avropa İttifaqı ilə yaxın münasibətdədir. Qazaxıstan və Qırğızıstan Şanxay Əməkdaşlıq Təşkilatının və Kollektiv Təhlükləsizlik Müqaviləsi Təşkilatının üzvləridir. Azərbaycanın da bir sıra başqa əlaqələri var. Biz türk birliyini qurarkən bunlara toxunmamalıyıq. Ortaq məsələlərə hamı üzv olduğu təşkilatlarda istədiyi dəstəyi verə bilər. Türkiyə Kipr məsələsində, Azərbaycan Qarabağ məsələsində istədiyi dəstəyi ala bilmir. Lakin tədricən bu dəstək artır. Bu kimi forumları, toplantıları təşkil etdikcə bir müddətdən sonra bir məmləkətin məsələsi hamımızın məsələsi olacaq. Vahid türk diasporunun da bu işdə töhfəsi mütləq olacaq. Əvvəlcə regional komitələr qurulacaq. Ötən il Azərbaycan və Türkiyə diasporları Parisdə ermənilərə qarşı etiraz aksiyası təşkil etdilər. Bunlar getdikcə artrılacaq. Biləcəklər ki, Türkiyəyə qarşı bir söz söylənildiyi zaman onun arxasında Azərbaycan da var. Bundan əlavə, xarici dövlətlərdə bizə qarşı çıxanların əleyhinə lobbiçilik işi gücləndiriləcək".