...

Səhiyyə Nazirliyindən bəzi dondurma sexlərinə xəbərdarlıq

Cəmiyyət Materials 28 İyun 2013 13:33 (UTC +04:00)
Yetərli şərait olmadan dondurma istehsal etməyə çalışan kicik sexlərə gigiyenik sertifikatlar verilməyəcək.
Səhiyyə Nazirliyindən bəzi dondurma sexlərinə xəbərdarlıq

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir İ.İsabalayeva/

Yetərli şərait olmadan dondurma istehsal etməyə çalışan kicik sexlərə gigiyenik sertifikatlar verilməyəcək. Bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) Qidalanma bölməsinin müdiri İmran Abdullayev deyib.

Belə halların qarşısını almaq üçün hazırda da tədbirlər gördüklərini nəzərə çatdıran bölmə müdiri bildirib ki, belə sexlərə sertifikatın verilməməsinin əsas səbəbi onların kicik olması deyil. Onun sözlərinə görə, kicik müəssisə də keyfiyyətli məhsul istehsal edə bilər. Buna görə də əsas məsələ istehsal zamanı gigiyena qaydalarına əməl edilməsidir. Bu qaydalara riayət edilmədikdə onlara sertifikat verilməkdən imtina edilir:

"Rayon yerlərində xırda dondurma sexləri var. Mövsüm zamanı belə sexləri açıb onu işlətmək istəyirlər. Təbii ki, biz buna icazə vermirik, onların fəaliyyət göstərməsinə şərait yaratmırıq. Şamaxıda və Suraxanıda kicik bir sexə sertifikat verməkdən imtina etmişik".

İ.Abdullayev deyib ki, ümumilikdə hazırda ölkədə satılan dondurmaların təhlükəsizlik göstəriciləri ilə bağlı elə bir problem yoxdur.

Onun bildirdiyinə görə, dondurma istehsal edən müəssisələr demək olar ki, Bakıda yerləşirlər. Onlar da standartlara uyğun məhsullar istehsal edirlər: "Regionlarda kicik dondurma sexləri var. Onlar da bəzi hallarda yetərli şərait olmadan məhsul buraxmağa çalışırlar. Bunun da qarşısı alınır. Belə sexlərə sertifikatların verilməsi dayandırılacaq. Hər bir dondurma sexi müayinə olunduqdan sonra ona sertifikat verilə bilər".

İ.Abdullayev deyib ki, əgər müəssisə gigiyena şərtlərinə əməl etmirsə, kustar yolla dondurma istehsalı aparırsa, avadanlıqları lazımı tələblərə cavab vermirsə, kustar avadanlıqlardan istifadə edilirsə, bu halda həmin müəssisəyə sertifikatların verilməsi məqsədəuyğun sayılmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti