...

Heydər Əliyev Fondu təqdim edir: Bakıdan Venesiyaya. Və ya Venesiyadan Bakıya müasir incəsənətin sorağında - FOTO

Cəmiyyət Materials 1 İyul 2013 10:20 (UTC +04:00)
Heydər Əliyev Fondu 2004-cü ildən müasir incəsənətin və gənc rəssamların yaradıcılığının inkişafına dəstək verən layihələr həyata keçirir. Bunlardan biri də ölkəmizin Venesiya Biennialesində iştirakı layihəsidir.
Heydər Əliyev Fondu təqdim edir: Bakıdan Venesiyaya. Və ya Venesiyadan Bakıya müasir incəsənətin sorağında - FOTO

Heydər Əliyev Fondu 2004-cü ildən müasir incəsənətin və gənc rəssamların yaradıcılığının inkişafına dəstək verən layihələr həyata keçirir. Bunlardan biri də ölkəmizin Venesiya Biennialesində iştirakı layihəsidir.

Fərqli ölkələr və fərqli mədəniyyətlərin görüşdüyü bu sənət festivalında Azərbaycan 2007-ci ildən təmsil olunur. Azərbaycan rəssamlarının əsərləri dünyanın çağdaş incəsənətində ən nüfuzlu və mötəbər bir sərgi aksiyası olan Venesiya müasir incəsənət biennalesində mütəmadi sərgilənir. Bununla da, Azərbaycan rəssamları Şərq ilə Qərbin sintezini məharətlə ifadə edir, mədəni dialoqun yaranmasına öz töhfələrini verirlər.

Venesiya Biennalesi dünya incəsənətinin əsas mədəni hadisələrindən sayılır. 1895-ci ildən keçirilən bu beynəlxalq rəsm sərgisi ildə iki dəfə təşkil olunur. Beynəlxalq avanqard meydanı olan Venesiya Biennalesi çərçivəsində 1930-cu ildən musiqi, teatr, kino, 1975-ci ildən isə arxitektura sərgisi də keçirilir.

Builki 55-ci Venesiya Biennialesində 88 ölkə təmsil olunur. Kampo Santo Stefanodakı XIV əsrə aid Lezze Sarayında yerləşən Azərbaycan pavilyonu isə "Ornamentlər" devizi altında təqdim edilir.

Venesiya Biennialesində Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan Azərbaycan pavilyonunda "Odlar Yurdu"nun 6 müasir rəssamı-Rəşad Ələkbərov, Fəxriyyə Məmmədova, Çingiz, Sənan Ələskərov, Bunutay Haqverdiyev, Fərid Rəsulov müasir baxış bucağından milli-mədəni irsimizi təqdim edir.

Azərbaycan pavilyonunda Fərid Rəsulovun Azərbaycanın Qarabağ bölgəsi üçün xarakterik olan xalçalarla bəzədilmiş məkanı sürrealist mühit yaradır. Fəxriyyə Məmmədovanın "Toy: Qız arzuları" 75 fotodan ibarət instalyasiyası keçmiş və müasir ənənələri özündə birləşdirən toy mərasimini əks etdirir. Sənan Ələskərovun impresionistlərin rəsmlərinə bənzəyən nadir fotoşəkilləri "sadəliyin şəffaflığı" konsepsiyasını əks etdirir. Bu foto kompozisiya vahid estetik, bədii, texniki üslubu olan 18 kadrdan ibarətdir. Rəşad Ələkbərov "kölgələrin teatrı" texnikasını tətbiq edərək həm Şərq, həm də Qərb sivilizasiyasına xarakterik naxışlar yaradır. Rəşadın taxta lövhələrdən hazırlanmış "Ornament" instalyasiyası çox maraqlıdır - sanki nazik ayaqları üstündə duran və öz zərif torunu hörən nəhəng hörümçək divarın səthinə ənənəvi Şərq ornamenti formasında bəzək verir. O, Şərq və Qərbin simvollar dilindən istifadə edərək keçmişə işıq salır, müxtəlif xalqların mədəniyyətlərinin kəsişmə, qovuşma nöqtələrini tapır, onların oxşarlıqlarını, eyni zamanda özünəməxsusluqlarını vurğulayır.

Çingiz Azərbaycanı 55-ci Venesiya Biennalesində "Blank History" instalyasiyası ilə təmsil edir. O, bu əsərində müxtəlif dövrlərdə tarixin ayrı-ayrı xalqlar arasında qarşıdurmaya səbəb olması və qorxulu silaha çevrilməsi məsələsini qoyur. O, tamamilə ağ rəngdə olan xalçanın timsalında simvolik dillə hamıya hər şeyi yeni səhifədən başlamağı təklif edir.

Butunay Haqverdiyevin yaradıcılıq axtarışlarının əsas məqsədi müxtəlif dillərdə danışan adamların asanlıqla başa düşə biləcəyi universal dili tapmaqdır. Onun Azərbaycanı 55-ci Venesiya Biennalesində təmsil edən "Uniliteral letters" layihəsi məhz buna çalışır.

Və artıq builki Azərbaycan pavilyonu ilk beşlikdə yer alıb. Artfetch.com Venesiya Biennalesində Azərbaycan pavilyonunu 5 ən möhtəşəm pavilyon sırasına daxil edib. Qeyd edək ki, "Artfetch" beynəlxalq miqyasda müasir incəsənətin və onun görkəmli nümayəndələrinin tanıdılması, əsərlərin satışının təşkil olunması ilə məşğuldur.

Beləliklə, iyunun 1-də açılışı olan Azərbaycan pavilyonu noyabrın 24-dək müasir incəsənətinin incəliklərini milli ənənələrlə sintezdə ziyarətçilərə təqdim edir. Bu müddət ərzində dünyanın müxtəlif ölkələrinin sənətsevərlərinin Azərbaycan incəsənəti ilə bir daha yaxından tanışlıq imkanı olacaq.

http://www.azerbaijanvenicebiennale.com/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti