Azərbaycan, Bakı, 5 iyul /Trend/
Daşkənd şəhərindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Şavkat Şaripov ilə görüşüb.
Trend Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, görüşdə Azərbaycan ilə Özbəkistan arasında mədəniyyət, elm, təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsi, hər iki ölkənin dövlət pedaqoji universitetləri arasında əlaqələrin yaradılması və inkişafı məsələləri müzakirə edilib.
Söhbətdə S.Abbasov Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində "Azərbaycan guşəsi"nin yaradılması, Azərbaycan dili kursunun təşkili, ali təhsil ocaqlarının kitabxanaları arasında kitab, jurnal və digər nəşrlərin mübadiləsi, universitetdə Azərbaycan və Özbəkistanın mədəniyyəti, ədəbiyyatı, habelə elmin aktual mövzularına dair konfrans və seminarların keçirilməsini təklif edib. Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ş.Şaripov təklifləri yüksək dəyərləndirib və bu istiqamətdə dəstək göstərməyə hazır olduqlarını bildirib.
S.Abbasov "Azərbaycan guşəsi"nin kitab, jurnal, müxtəlif suvenirlər, fotoşəkillər və digər təbliğat materialları ilə təmin edilməsini, habelə universitetdə Azərbaycan dili kurslarının təşkilini Azərbaycan Mədəniyyət Mərkəzinin öz üzərinə götürdüyünü qeyd edib.
Razılaşdırılmış tədbirlərin icrasına dair tədbirlər planının hazırlanması qərara alınıb.