...

Azərbaycan jurnalistlərinin V qurultayından sonra Mətbuat Şurasına 2871 müraciət daxil olub

Cəmiyyət Materials 11 İyul 2013 11:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan jurnalistlərinin V qurultayından sonra Azərbaycan Mətbuat Şurasına (AMŞ) ümumilikdə 2871 müraciət daxil olub. Trend-in məlumatına görə, AMŞ-nin sədri Əflatun Amaşov Azərbaycan jurnalistlərinin VI qurultayında çıxışı zamanı deyib. Onun sözlərinə görə, bunlardan 2143-ü kütləvi informasiya vasitələrində gedən materiallardan şikayətdir. İlkin mərhələdə baxılan 2871 məsələdən 1399-u katiblikdə həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub. Digər 744 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən məsələlər və onlarla bağlı toplanmış materiallar baxılmaq üçün Şuranın müvafiq komissiyalarına təqdim edilib.

Ötən müddətdə Şuraya daxil olan şikayətlərin 728-nə komissiyalarda baxılıb. Bunlardan 511-i Şikayətlər üzrə Komissiyada, 96-ı "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasında, 17-i Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasında, 24-ü Sosial-iqtisadi komissiyada araşdırılıb.

Ə.Amaşov bildirib ki, 2871 müraciətdən 2143-ü kütləvi informasiya vasitələrində dərc edilən materiallardan şikayətlər təşkil etdiyi halda, yerdə qalan 728 müraciətdən 51-i Mətbuat Şurasının "qara siyahı"sında olan KİV-lərdəndir. Prosedur qaydalara əsasən, belə müraciətlərə Şuranın "apellyasiya qrupu"nda baxıldıqdan sonra cavablandırılıb. Şikayətlər üzrə Komissiyada baxılan 511 məsələdən 363-ü komissiya səviyyəsində həllini tapıb. Digər 148 məsələ barədə çıxarılan rəylər qərar qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim edilib.

Şura sədri deyib ki, "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyası tərəfindən araşdırılan 96 şikayətdən 78-i barədə təqdimat hazırlanaraq yekun qərarın qəbulu üçün Şuranın İdarə Heyətinə verilib. 18 şikayət isə komissiyada həllini tapıb. Şuranın İdarə Heyəti qurultaylararası dövrdə ümumilikdə 161 qərar çıxarıb. Bu zaman Şikayətlər üzrə Komissiyanın 148 rəyindən 130-u, "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının isə 11 təqdimatından 10-u əsas götürülüb. Şikayətlər üzrə Komissiyanın 148 rəyindən 10-u təkrar baxılmaq üçün Katibliyə təqdim edilib.

İdarə Heyətinin ayrı-ayrı KİV-lərlə bağlı çıxardığı qərarlar onlardan 20-nə xəbərdarlıq edilməsini nəzərdə tutub. 135 qərarda KİV-lərin peşə prinsiplərinə etinasızlığı əksini taparaq media orqanlarına bundan nəticə çıxarmaq tövsiyə olunub. 86 qərar cavabdeh nəşrin adının Mətbuat Şurasının "qara siyahı"sına salınmasını nəzərdə tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti