...

Səhiyyə Nazirliyi bu il 435 sahibkarı inzibati qaydada cərimələyib

Cəmiyyət Materials 17 İyul 2013 13:14 (UTC +04:00)
Bu il yanvar-iyun ayları ərzində Azərbaycanın sanitariya-epidemioloji xidmət orqanları yeyinti sahəsində işləyən 435 sahibkarı inzibati qaydada cərimələyib.
Səhiyyə Nazirliyi bu il 435 sahibkarı inzibati qaydada cərimələyib

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir İ.İsabalayeva/

Bu il yanvar-iyun ayları ərzində Azərbaycanın sanitariya-epidemioloji xidmət orqanları yeyinti sahəsində işləyən 435 sahibkarı inzibati qaydada cərimələyib. Bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) Qidalanma bölməsinin müdiri İmran Abdullayev deyib.

Onun sözlərinə görə, sahibkarlar yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozduğu, laboratoriya müayinələri gigiyenik normalara cavab verməyən məhsullar istehsal etdiyi üçün cərimələniblər. Bu müddətdə 42 nəfər barədə materiallar inzibati orqanlara verilib.

Hesabat müddətində 136 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 166 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

İ.Abdullayev deyib ki, orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 5404, mikrobioloji göstəricilərinə görə 4914, toksikoloji göstəricilərinə görə 1440, radioloji göstəricilərinə görə isə 139 yeyinti məhsulu nümunəsi laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 102-də orqanoleptik və fiziki-kimyəvi, 54-də mikrobioloji göstəricilərinə görə normadan kənara çıxma müəyyən olunub.

Bu ilin 6 ayı ərzində iaşə müəssisələrindən 16 609 yaxma, 257 soyuq qəlyanaltı nümunəsi götürülüb. Yaxma nümunələrinin 155-də, soyuq qəlyanaltıların 4-də bağırsaq çöpləri normadan artıq olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti