...

İran Araz çayının suyunun Urmiya gölünə axıdılması layihəsinin icrasına başlayır

Cəmiyyət Materials 27 İyul 2013 12:05 (UTC +04:00)
Bu gün günorta saatlarından sonra İran Prezidentinin birinci müavini Məhəmmədrza Rəhimi və ölkənin energetika naziri Məcid Namjunun iştirakı ilə Urmiya gölünə və Mərənd çölünə Araz çayının suyunun axıdılması planının icrasına başlanılacaq.
İran Araz çayının suyunun Urmiya gölünə axıdılması layihəsinin icrasına başlayır

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir T.Cəfərov/

Bu gün günorta saatlarından sonra İran Prezidentinin birinci müavini Məhəmmədrza Rəhimi və ölkənin energetika naziri Məcid Namjunun iştirakı ilə Urmiya gölünə və Mərənd çölünə Araz çayının suyunun axıdılması planının icrasına başlanılacaq. Trend-in "Fars" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran parlamentinin İqtisadiyyat komissiyasının üzvi Məhəmməd Həsənnejad deyib.

Həsənnejad bildirib ki, ötən həftə bu layihənin icrası üçün xarici investorla 875 milyon avro dəyərində investisiya müqaviləsi imzalanıb və bu gündən layihənin icrasına başlanacaq.

O deyib ki, həmin plana əsasən Araz çayının suyunun Culfa, Mərənd, Şəbestər və Təbriz çöllərinə axıdılması nəzərdə tutulub: "Layihə çərçivəsində 8 şəhər və 81 kəndin içməli su problemi öz həlini tapacaq".

Qeyd edək ki, Urmiya gölünün sahəsi təxminən 6 min kvadratkilometrdir. Köçəri quşlar miqrasiya zamanı bu göldən fasilə məntəqəsi kimi istifadə edir. Fasiləsiz quraqlıq səbəbindən Urmiya gölü tədricən dayazlaşır, sahəsi isə azalır. Bu isə təkcə bitkilərə deyil, heyvanlara da təsir göstərir.

İran Prezidenti və hökumət nümayəndələrinin 2010-cu ildə Təbrizə səfəri zamanı Araz çayının suyunun Təbrizdəki səhralığa və Urmiya gölünə axıdılması layihəsi təsdiq olunmuşdu. Araz çayından Urmiya gölünə 600 milyon kubmetr su axıdılması nəzərdə tutulur. Bu layihənin reallaşdırılması üçün 1,2 milyard dollar sərmayə yatırılması planlaşdırılır. İran hökuməti 2011-ci ilin sentyabr ayında Urmiya gölünün qurumasının qarşısının alınması üçün görüləcək tədbirlərə ümumilikdə 900 milyon dollar vəsait ayırmışdı. BMT-nin İnkişaf Proqramı İrana ölkədəki ekoloji problemləri, xüsusilə, Urmiya gölündə yaranmış problemi həll etmək məqsədilə 135 milyon dollar məbləğində maliyyə yardımı ayırıb.

Bundan əvvəl İranın Energetika Nazirliyinin Müştərək resurslar və sərhəd çayları üzrə Baş İdarəsinin direktoru Cabbar Vətənfədar demişdi ki, Araz çayının suyunun Urmiya gölünə axıdılması Azərbaycanla bağlanmış müqavilələr çərçivəsində mümkün olacaq və bununla bağlı rəsmi Bakı ilə müzakirələr aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti