Azərbaycan, Bakı, 12 avqust / Trend, müxbir M.Əliyev/
Azərbaycan Milli Məclisi ipoteka kreditlərinin şərtlərinin yumşaldılması ilə bağlı "İpoteka haqqında" qanuna dəyişikliklər etmək üçün hökumətin rəyini gözləyir. Bu barədə bazar ertəsi Trend-ə Milli Məclisin deputatı Ceyhun Osmanlı bildirib.
C.Osmanlının sözlərinə görə, bu gün ölkədə ipoteka kreditlərinin şərtlərinin 3 istiqamət üzrə dəyişməsinə ehtiyac var: "Bunlardan birincisi ipoteka kreditlərinin məbləğinin bazar qiymətlərinə adekvat olmasıdır. Çünki hazırda kreditin maksimal məbləği evlərin qiyməti ilə uyğunluq təşkil etmir. Gəncləri narahat edən ikinci məsələ ipoteka krediti faizlərinin yuxarı olmasıdır. Digər məqam isə İpoteka Fondunun portfelinin genişlənməsidir ki, daha çox gənc bu şansdan istifadə edə bilər".
C.Osmanlı vurğulayıb ki, rəy alınacağı təqdirdə Milli Məclis "İpoteka haqqında" haqqında qanun layihəsini payız sessiyasının gündəliyinə daxil edəcək.
Qeyd edək ki, ilkin təkliflərə adi ipotekaların indiki 8 faizdən 5 faizə, sosial ipotekaların isə 4 faizdən 1-2 faizədək endirilməsi daxildir. Eyni zamanda 20 faiz ilkin ödənişin də vətəndaşlar üçün bir sıra hallarda əlavə çətinliklər törətdiyini nəzərə alaraq onun ləğv olunması, və ya azaldılması təklif olunur. İpoteka üçün ayrılan məbləğin həcmində dəyişikliklər müzakirə mövzusudur. Belə ki, hökumətə edilən təklifə görə, ipoteka krediti üçün ayrılan vəsaitin yuxarı həddi 50 min manatdan 70 min manata qədər artırılmalıdır.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu il "Azərbaycan Respublikasında güzəştli ipoteka kreditlərinin verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi haqqında fərmanına əsasən, sosial ipoteka çərçivəsində kreditin maksimum məbləği 35 min manatdan 50 min manatadək artırılıb.
Hazırda AİF-in şərtlərinə görə, Azərbaycanda adi ipotekanın verilməsinin maksimum həddi 50 min manat təşkil edir və səkkiz faiz dərəcəsi ilə 25 il müddətinə verilir. Sosial ipoteka 50 min manat təşkil edir və dörd faiz dərəcəsi ilə 30 il müddətinə verilir. Güzəştli kreditlər üçün ilkin ödəniş 15 faiz, adi kreditlər üçün isə 20 faiz təşkil edir.
Kreditlər milli valyutada - manatla və yalnız Azərbaycan vətəndaşlarına verilməlidir, ipotekanın predmeti yalnız mənzil və şəxsi evlər ola bilər, ipoteka kreditinin məbləği ipoteka üçün girov qoyulan daşınmaz əmlakın bazar qiymətinin 80 faizini, kreditə görə aylıq ödəniş borcalanın aylıq gəlirinin 70 faizini ötməməlidir.
Güzəştli şərtlər şəhid, Milli qəhrəmanlar və məcburi köçkün ailələrinin üzvlərinə, ən azı üç il iş təcrübəsi olan dövlət qulluqçularına, elmlər namizədləri və doktorluq dərəcəsi olanlara, idman sahəsində xüsusi xidmətləri olan şəxslərə, həmçinin maksimum üç il xidmət stajı olan hərbiçilərə şamil edilir.
Güzəştli ipoteka krediti alan hər ailə bundan yalnız bir dəfə istifadə edə bilər.