Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) İcraiyyə Şurasının üzvlüyünə qəbul olunub.
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin rəhbərliyi altında Azərbaycanın nümayəndə heyəti Zambiya və Zimbabvedə keçirilən BMÜTT Baş Assambleyasının 20-ci sessiyasında iştirak edir.
Sözügedən tədbir çərçivəsində bu gün Zambiyanın Livinqston şəhərində keçirilmiş növbəti iclasda Azərbaycanın BMÜTT-nin İcraiyyə Şurasının üzvlüyünə namizədliyi müzakirə olunub və ölkəmizin Şuraya üzvlüyü təsdiqlənib. Qeyd edək ki, Avropa qitəsinin 4 dövlətinin (Azərbaycan, Almaniya, Serbiya və Bolqarıstan) sırasında Azərbaycan üzvlüyə 25 səslə birinci olaraq seçilib. Azərbaycanın təklifi nəzərə alınaraq BMÜTT-nin Avropa Komissiyasının 2014-cü il iclasının Bakı şəhərində keçirilməsinə dair qərar qəbul olunub.
Qeyd edək ki, sözügedən qərarların müzakirəsi zamanı Ermənistan Respublikasının nümayəndə heyəti etirazını bildirib, lakin Ermənistanın mövqeyi digər iştirakçılar tərəfindən dəstəklənməyib.
Nazirlikdən bildirilib ki, BMÜTT-nin fəalliyəti çərçivəsində əldə olunan nailiyyətlər Azərbaycanın turizm dünyasında nüfuzunun artırılmasının və ölkəmizin dünyadakı imicinin göstəricisidir. Turizm sahəsində əldə olunmuş statistik rəqəmlər bu nüfuzun artırılmasının daha bir təsdiqidir.