...

Xaricdəki soydaşlarımızın Azərbaycan dilini daha yaxşı bilmələri üçün yeni proqramlar həyata keçiriləcək

Cəmiyyət Materials 2 Sentyabr 2013 12:05 (UTC +04:00)
Xarici ölkələrdə yaşayan azərbaycanlıların öz ana dillərini daha yaxşı bilmələri üçün yeni proqramlar həyata keçiriləcək.
Xaricdəki soydaşlarımızın Azərbaycan dilini daha yaxşı bilmələri üçün yeni proqramlar həyata keçiriləcək

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Xarici ölkələrdə yaşayan azərbaycanlıların öz ana dillərini daha yaxşı bilmələri üçün yeni proqramlar həyata keçiriləcək. "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın İşçi qrupunun sədr müavini, Azərbaycan Milli Elmlər Akademiyasının İctimai və Humanitar Elmlər Bölməsinin əməkdaşı, professor Həbib Zərbəliyev Trend-ə bildirib ki, xaricdə yaşayan bəzi azərbaycanlılar öz dillərini kifayət qədər yaxşı bilmirlər. Buna görə də onların xaricdə Azərbaycan dilini öyrənə bilmələri üçün proqramların həyata keçirilməsi planlaşdırılır: "Təbii ki, bunun üçün yeni standartlar və həmin standartlar əsasında da yeni dərsliklər hazırlanmalıdır. Ancaq bunların necə olacağı İşçi qrupunun fəaliyyətinin nəticəsi olaraq, müəyyənləşdiriləcək".

H.Zərbəliyev deyib ki, xarici ölkələrin vətəndaşları da öz ölkələrində arzu etdikləri təqdirdə Azərbaycan dilini öyrənə bilərlər. Bunun üçün mövcud imkanların genişləndirilməsi nəzərdə tutulur.

İşçi qrupun sədr müavininin sözlərinə görə, bunun üçün "Bazar günü" məktəblərində Azərbaycan dili kursları yaradıla bilər.

H.Zərbəliyev deyib ki, Azərbaycan dilinin xarici ölkələrin təhsil müəssisələrində tədrisinə də maraq göstərilir: "Avropa, hətta Şərq ölkələrindən də Azərbaycan dilinin tədris olunmasına çox maraq göstərənlər var. Təəssüf ki, Azərbaycan dilinin xaricdə lazımı səviyyədə öyrədə biləcək dərsliklərimiz yoxdur. Bu istiqamətdə də təbii ki, iş aparılmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti