...

Şahin İsmayılov: Azərbaycan gəncləri "Güclü dövlət, güclü lider" şüarı ətrafında birləşiblər

Cəmiyyət Materials 4 Sentyabr 2013 17:05 (UTC +04:00)
Azərbaycanda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib.
Şahin İsmayılov: Azərbaycan gəncləri "Güclü dövlət, güclü lider" şüarı ətrafında birləşiblər

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

Azərbaycanda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Bu barədə Trend-ə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov deyib.

Ş.İsmayılov qeyd edib ki, 2005-2009, 2011-2015-ci illər "Azərbaycan Gəncliyi Dövlət Proqram"larının məqsədinə uyğun olaraq bir sıra vəzifələrin icrası uğurla həyata keçirilməkdədir: "Azərbaycan gəncliyinin ideya və təşəbbüslərinin davamlı dəstəklənməsinin təmin olunması məqsədilə Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun təsis edilməsi və qısa zaman ərzində Fondun cənab prezident tərəfindən onun şəxsi nəzarətinə götürülərək Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna çevrilməsi ölkə gənclərinə ən yüksək səviyyədə diqqətin ifadəsidir".

Ş.İsmayılov xatırladıb ki, gənclərin inkişafına yönəlmiş infrastrukturun yaradılması məqsədilə regionlarda gənclər üçün hər cür lazımi şəraitlə təmin olunmuş Gənclər evləri inşa edilib, gənclərin istifadəsinə verilib: "Biz gənclər üçün çox sevindirici və bir o qədər də önəmli haldır ki, gənclərin təklifləri və təşəbbüsləri müvafiq dövlət orqanları tərəfindən nəzərə alınaraq həyata keçirilir və dəstəklənir. Bu işdə gənclər sahəsində görülən işlər haqqında hesabatların ictimaiyyətə çatdırılması, dövlət gənclər siyasəti sahəsində yeni vəzifələrin müəyyən edilməsi və gənclərin onlara yönəlmiş dövlət siyasətinin həyata keçirilməsində iştiraklarının təmin edilməsi məqsədilə reallaşdırılan Azərbaycan gənclərinin forumları xüsusi əhəmiyyət kəsb edir".

Onun sözlərinə görə, bu cür forumlar və forumlararası yığıncaqların mütəmadi təşkili gənclərin söz meydanında öz təklif və təşəbbüslərini, tənqid və iradlarını müvafiq dövlət orqanlarının diqqətinə çatdırılması, mövcud nöqsanların aradan qaldırılması, yeni, innovativ təşəbbüslərin reallaşdırılmasına zəmin hazırlayır: "Tələbə-gənclərin elmi-mədəni fəaliyyətinin dəstəklənməsi və sosial müdafiəsi məsələsinin sonuncu dövlət proqramına ayrıca bənd kimi əlavə olunması biz gəncləri sevindirməyə bilməz. Həmin bəndə bizim təklifimizlə təhsil alan gənclərə sosial dəstəyin artırılması məqsədilə "Azərbaycan tələbə kartı"nın tətbiq edilməsi maddəsi əlavə olunub və bu kart vasitəsilə gənclərin vahid beynəlxalq güzəştli kartlar sisteminə qoşulmasına şərait yaradılıb. Nəticədə dünyada ilk dəfə olaraq Azərbaycanın tələbə-gəncləri təhsil aldıqları bütün dövr üçün etibarlı olan Avropa Gənclər Kartını tamamilə ödənişsiz əldə etmək şansını qazanıb".

Ş.İsmayılov əlavə edib ki, gənclərin dövlət idarəetməsi və vətəndaş cəmiyyətinin inkişafında iştirakının təmin olunmasına münbit şəraitin yaradılması da Azərbaycan gəncinin diqqətindən yayına bilməz: "Hazırda gənclər icraedici dövlət strukturlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə geniş təmsil olunmaqdadırlar".

O, vurğulayıb ki, bütün bu uğurların mərkəzində Azərbaycan gəncləri, başında isə güclü lider faktoru dayanır: "Azərbaycan gəncləri "Güclü dövlət, güclü lider" şüarı ətrafında birləşiblər. Əminəm ki, Azərbaycan xalqı və ölkə gəncliyi qarşıdan gələn prezident seçkilərində Azərbaycanın uğurlu gələcəyinə səs verərək öz güclü liderini bir daha seçəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti