...

Azərbaycan Milli Elmlər Akademiyası elmi kompüter şəbəkəsinin əhatəsini genişləndirib

Cəmiyyət Materials 8 Sentyabr 2013 10:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu (İTİ) Genetik Ehtiyatlar və Torpaqşünaslıq və Aqrokimya institutlarını "AzScienceNet" elmi kompüter şəbəkəsinə qoşub. Bu barədə Trend-ə İTİ-dən məlumat veriblər.

İTİ-nin bu istiqamətdə apardığı işlər çərçivəsində institutların lokal şəbəkəsi tamamilə intellektual kommutatorların bazasında qurulub və optik-lif rabitə xətlərinin köməyi ilə elmi şəbəkəyə qoşulub. Bu, institut əməkdaşlarına "AzScienceNet" şəbəkəsinin xidmət və resurslarından istifadə etməyə imkan verir.

Bu istiqamətdə işlər AMEA-nın Azərbaycanda "İKT ili" elan olunan 2013-cü il üzrə fəaliyyət planında nəzərdə tutulub. Plana əsasən, AMEA-nın bütün struktur bölmələri "AzScienceNet" şəbəkəsinə çıxış əldə edəcək.

Bu işlər çərçivəsində optik-lif rabitə xətlərinin çəkilməsi planlaşdırılır. Bununla yanaşı, Akademiyanın bir sıra institutlarında lokal infrastruktur intellektual kommutatorların bazasında genişləndiriləcək, həmçinin informasiya təhlükəsizliyi şəbəkəsinin təmin edilməsi üzrə işlər gücləndiriləcək.

AMEA-nın institut və struktur bölmələri "bulud hesablamaları" ("Cloud computing") və "Eduroam" ("education roaming" - təhsil rouminqi) servislərinə də çıxış əldə edəcək. "AzScienceNet" bazasında qurulan "təhsil rouminqi" təhsil sistemi və elmi idarələrin əməkdaşlarına internet şəbəkəsindən pulsuz istifadə etməyə imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti