...

Vərəsəlik münasibətlərində məcburi payın əhəmiyyəti

Cəmiyyət Materials 18 Sentyabr 2013 10:54 (UTC +04:00)
İnsanlar gündəlik həyatlarında və ya ömürlərinin hansısa dönəmində vərəsəlik hüququ ilə rastlaşırlar. İnsanların bu sahədə anlayışlarının kasad olması və bu sahədə maarifləndirmə işinin o qədər də effektiv aparılmaması vətəndaşlara ciddi problemlər yaradır.
Vərəsəlik münasibətlərində məcburi payın əhəmiyyəti

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir İ.İzzət/

İnsanlar gündəlik həyatlarında və ya ömürlərinin hansısa dönəmində vərəsəlik hüququ ilə rastlaşırlar. İnsanların bu sahədə anlayışlarının kasad olması və bu sahədə maarifləndirmə işinin o qədər də effektiv aparılmaması vətəndaşlara ciddi problemlər yaradır. Praktikada vərəsəlik münasibətləri ilə bağlı olan ölümlə və ya sağlamlığa ağır zərərvurma ilə nəticələnən işlərin sayı heç də az deyil. Ən ağrılı məqam odur ki, bu cinayətin iştirakçıları yaxın qohumlar, ailə üzvləri olurlar.

Mövzu ilə bağlı Trend-in sorğusunu cavablandıran Azərbaycan Hüquq İslahatları Mərkəzi (AHİM) İctimai Birliyinin rəhbəri, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Anar Bağırov hesab edir ki, vətəndaşlar arasında vərəsəlik münasibətləri ilə bağlı olan münaqişələrin, anlaşılmazlıqların yaranmasının əsas səbəblərindən biri də vətəndaşların vərəsəlik hüququ məsələsində məcburi pay anlayışından xəbərsiz olmalarıdır.

Onun sözlərinə görə, vərəsəlik ya vəsiyyətnamə üzrə, ya da qanun üzrə (şəxs vəsiyyətnamə qoymadıqda, ya o etibarsız hesab edildikdə, ya da vəsiyyətnamədə təyin edilən vərəsə vərəsəliyi qəbul etmədikdə) keçir:

"Çox zaman vətəndaşlar elə bilirlər ki, vəsiyyətnamədə mirasın kimə və ya kimlərə veriləcəyi göstərilibsə, mirasın tamamı yalnız göstərilən şəxslərə çatmalıdır. Mübahisələr də əsas buradan doğur. Bu fikir əslində kökündən yanlışdır. Çünki, vəsiyyətnamə tərtib edilsə də, vəsiyyətnamədə vərəsə kimi kimlərin göstərilməsindən asılı olmayaraq, miras qoyanın yaxınları, yəni onun qanuni vərəsələri mütləq mirasdan məcburi pay almaq hüququna malikdirlər. Buradan belə qənaətə gəlmək olar ki, məcburi pay bəzən miras qoyanın iradəsinin tam əksinə də alına bilər. Belə ki, miras qoyan vəsiyyətnamədə mirasdan məcburi pay almaq hüququ olan şəxsi ümumiyyətlə vərəsəlik hüququndan məhrum edərsə, onun bu vəsiyyət sərəncamı həmin şəxsi heç də mirasdan məcburi pay almaq hüququndan məhrum etmir. Mülki qanunvericilikdə göstərilir ki, vərəsə məcburi pay almaq hüququndan vəsiyyətnamə ilə deyil, yalnız məhkəmə tərəfindən məhrum edilə bilər."

Mirasdan məcburi pay almaq hüququna malik olan şəxslərin siyahısına gəldikdə isə, vəkil qeyd edib ki, bu şəxslərin dairəsi, Azərbaycan Respublikasının sovet dövründə qüvvədə olan Mülki Məcəlləsindən fərqli olaraq hazırda qüvvədə olan Mülki Məcəllədə əhəmiyyətli dərəcədə genişləndirilib. Belə ki, köhnə qanunvericilikdə məcburi pay almaq hüququna malik olan şəxslərin sırasına, yalnız miras qoyanın yetkinlik yaşına çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən, övladlığa götürülənlər), əmək qabiliyyətinə malik olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanlar malik idilər:

"Hazırda qüvvədə olan qanunvericiliyə əsasən isə miras qoyanın bütün uşaqları, valideynləri və arvadı (əri) məcburi pay almaq hüququna malikdirlər. Lakin qeyd etmək lazımdır ki, bu barədə Mülki Məcəllənin müvafiq maddəsində çatışmazlıq vardır. Belə ki, elə Mülki Məcəllədə göstərilmişdir ki, övladlığa götürülən övladlığa götürənin uşaqlarına, övladlığa götürən övladlığa götürülənin valideynlərinə bərabər tutulur. Buna görə də praktikada övladlığa götürülənlərin və övladlığa götürənlərin mirasdan məcburi pay almaq hüquqları təmin edilməlidir."

Bağırovun sözlərinə görə, mirasda məcburi pay, qanun üzrə vərəsəlik zamanı məcburi pay alana çatası payın yarısını təşkil edir. Bu o deməkdir ki, əgər miras qoyanın heç bir vəsiyyətnaməsi olmadığı halda miras kimlərə hansı miqdarda çatacaqdısa, vəsiyyətnamə olduğu zaman həmin miqdarın yarısı onlara çatmalıdır.

Hüquqşünas bildirib ki, qanunvericiliyə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini vəsiyyət edə bilər. Belə halda mirasdan məcburi pay almaq hüququna malik olan vərəsə məcburi payını almaqla yanaşı, miras əmlakın vəsiyyət edilməmiş hissəsindən qanun üzrə vərəsə kimi pay almaq hüququna da malikdir:

"Daha bir məqam məcburi pay almaq hüququ olan vərəsənin onu qəbul etməsindən imtinası ilə bağlıdır. Belə ki, bu imtina heç də digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. İmtina edənin payı vəsiyyət üzrə vərəsələrə keçir."

AHİM-in rəhbəri bildirib ki, son zamanlar ekspertlər Azərbaycanda məcburi payla bağlı qanunda dəyişikliklər edilməsinə və ya onun ümumiyyətlə ləğv edilməsini təklif edirlər. Bunu da onunla əsaslandırırlar ki, mirasda məcburi pay hüququnun tanınması ilə vəsiyyətetmə hüququ və vəsiyyət edənin mülkiyyət hüquqları əsassız olaraq məhdudlaşdırılıb:

"Belə ki, mülki qanunvericiliyə əsasən, mülkiyyət hüququ dedikdə, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqları nəzərdə tutulur. 2000-ci ilədək qüvvədə olan Mülki Məcəllədə yalnız həddi-buluğa çatmayan, əmək qabiliyyəti olmayan və himayədə olan vərəsələrin məcburi pay hüququ tanınırdı."

Bağırov qeyd edib ki, bu fikirdə olan ekspertlər köhnə qanunvericiliyin mövqeyini ədalətli hesab edir və bildirirlər ki, hər bir qanuni vərəsə üçün istənilən halda, vərəsəlik zamanı onlara çatası payın yarısı qədər olsa da, vərəsəlik hüququnun tanınması ədalətli yanaşma deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti